FED.az misgər Nəzər Əliyevlə müsahibəni təqdim edir:
Misgərliyin daha çox Lahıcda inkişaf etməsinin səbəbləri nələrdir?
- Qədim dövrlərdə əyalətlərdə əsas məşğuliyyət əkinçilik və heyvandarlıq olub. Lahıc və onun ətrafında isə kənd təsərrüfatı üçün münbit şərait olmayıb. Çünki ərazi daşlıq olub və burda qış uzun çəkib. Ona görə də, Lahıcda qırxdan çox sənətkarlıq növü inkişaf edib. Ən çox yayılanı isə misgərlik olub. Təsadüfi deyil ki, Lahıcda misgərliyin 16 qoluna aid sənətkarlar fəaliyyət göstərib. Çünki misdən olan əşyalara tələbat böyük olub.
Qədim dövrlərdən Azərbaycan, İran, Türkiyə, Gürcüstan, Dağıstan ərazilərində, Mərkəzi Asiya ölkələrində yaşayan insanların məişətini mis məhsullarla Lahıc təmin edib. Tədqiqatçılar misgərliyi elə təxminən Lahıcla yaşıd hesab edirlər. Mənbələrdə “Lahıcda min tüstü misgər ailəsi vardı” ifadəsinə rast gəlinir. Bunu tüstü çıxan bacaların sayına görə belə deyirdilər. Deyilənə görə, 1861-ci ildə təhkimçilik hüququ ləğv olunandan sonra Lahıcda hərəsində azı 3 usta işləyən 251 misgərlik emelatxanası qeydiyyata alınıb. Hələ iki və ya bir usta işləyən balaca emalatxanaları saymayıblar. Elə emalatxana olub ki, orada 8 nəfər usta işləyib. İndi görün, bu qədər usta nə qədər məhsul istehsal edib? Bakıda neftxudalar olduğu kimi Lahıcda da mis işi ilə məşğul olan sərvət sahibləri olub. Onların məhsulları çalvadarlar vasitəsilə başqa şəhərlərə daşınıb.
Hazırda Lahıcda neçə misgər ailəsi fəaliyyət göstərir?
- Sovet vaxtdı Lahıcda 50-60 misgər vardı. Sonra onlar müxtəlif bölgələrə dağılışdılar. İndi təqribən 7 misgər ailəsi qalıb. Onlardan dördü özləri mis əşyalar hazırlayır, qalanları isə bu məhsulların alqı-satqısı ilə məşğuldur. Ümumiyyətlə, Lahıcda mis əşya alıb-satanlar çoxdur. Çindən gətirilən sarı rəngli məhsulları mis əşya adı ilə satanlar da var. İnsanlar da bilməyib alırlar. Xüsusən əcnəbiləri aldadırlar. Bu, bizim də işimizə pis təsir edir. Çünki həmin adam mis olmayan Çin, Hindistan məhsulunu mənim əl işimdən 7-8 dəfə ucuz qiymətə satışa çıxarır. Ona görə də, mənim məhsulum satılmır, adımı da bahacıl qoyurlar. Amma fərqinə varmırlar ki, bu əl işidir, mən bunu əlimin zəhməti ilə düzəltmişəm, o isə hazır qəlibə tökülmüş əşyanı satır. Məsələn, mən əlimlə misdən hazırladığım su qabını 30 manata satıram, o isə 7 manata satır.
Bəs siz misgərliyə nə vaxtdan başlamısınız?
- Misgərliyə 5-6 yaşlarından başlamışam. İndi isə 57 yaşım var. Mənim nəslim misgər nəslidir. Uşaq vaxtı məktəbdən qayıdan kimi atamın misgər dükanına gələr, günümü orada keçirərdim. Buna görə də, erkən yaşlardan emalatxanın iyinə, çəkicin səsinə öyrəşmişəm.
Əvvəllər məni atam öyrədirdi. Mənim üçün metal qələmlər, balaca çəkiclər almışdı. Atam jurnallardakı şəkilləri misin üzərinə çəkməyi öyrədirdi. Misgər həm də rəssamlığı bilməli, təxəyyülü güclü olmalıdır.
10 yaşım olarkən atam vəfat etdi. Əmim hacı Nağı məşhur misgər idi. Başladım ondan öyrənməyə. Əmim həm də təhsil almağımın tərəfdarı idi. Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul oldum. Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdim. Lahıcda qırmızı diplom alan yeganə adamam. 1983-cü ildən pedaqoji fəaliyyətə başladım. 8 il müxtəlif kəndlərdə müəllim işlədim. Bir müddət məktəb direktoru da oldum. Amma müəllimlik maaşı çox aşağı idi. 114 rubl maaş alırdım. Yolum çox uzaq idi deyə əlavə qazanc sahəsi ilə məşğul olmağa vaxtım qalmırdı. Həm də müəllimlik təmizlik tələb edirdi. Mən isə uşaqlıqdan misgər kimi böyümüşəm. Dərsdən sonra axşamlar emalatxanada işlədiyim üçün paltarlarım çirklənirdi. Bütün bu səbəblərdən 1991-ci ildə pedaqoji fəaliyyətə son qoydum. Özümü tamamilə misgərliyə verdim. Xüsusən qazanc məsələsinə görə mənə müəllimlikdənsə, sənətkarlıq daha xoş gəldi. Bundan sonra yavaş-yavaş maddi durumum düzəlməyə başladı. Müəllimliklə ailə dolandırmaq çətin idi. Düzdür, misgərlik ağır işdir, insan sağlamlığına zərəri də olur. Qazancı da ki, bir o qədər böyük deyil. Amma dolanışıq üçün kifayət edir. Mənim elə bir var-dövlətim yoxdur, amma heç kəsə borcum da yoxdur. Həmişə normal dolanmışam.
Misgərlik məmulatlarına tələbat necədir?
- Təxminən 1 ilə yaxındır ki, mis məhsulların satışında azalma hiss olunur. Satışları adətən emalatxanamızdan həyata keçiririk. Bizim gəlirimizi əsasən turizm müəyyən edir. Alıcıların əksər hissəsi turistlərdir. Yayda turistlərin sayı artdığı üçün iş daha çox olur. Qışda isə nisbətən sakitlik hökm sürür. Əcnəbi və yerli turistlərin məhsul seçimi fərqlidir. Biz qədimi samovarları təmir edib satırıq ki, bunu əsasən yerlilər alır. Qədimi samovarların qiyməti təqribən 200-250 manat olur. Onlar misdən yox, latun və ya tuncdandır. Bu samovarların bir az yumru formada olanları da var. Onları 400-500 manata satıram. Onlara qarpızı samovar deyirlər.
Əcnəbilər isə 300-500 dollara olan əşyalar alırlar, çünki qədimi əşyaları sərhəddən keçirə bilmirlər. Ona görə də, daha çox yeni əl işi olan, naxışlı, bahalı əşyalara üstünlük verirlər.
Özüm hazırladığım yeni samovarları da əcnəbilər yox, yerlilər alır. Çünki mən onları satışa qoymuram, sifarişlə düzəldirəm. Qiymətləri də qədimilərə nisbətən baha olur. Bu yaxınlarda sifarişlə 5 litrlik naxışsız samovar dəsti hazırlamışdım. Onu 700 manata satdım. Alıb Amerikaya göndərdilər. Əgər dəst yox, tək samovar olsa idi, 500-600 manat qiymət deyəcəkdim. Naxışlı olanlar isə daha bahadır.
Bir dəfə yerli imkanlı şəxslərdən biri mənə 7 litrlik naxışlı samovar dəsti düzəltməyi sifariş verdi. Onun üzərində 6-7 ay işlədim. Samovar, çaynik, düdkeş, məcməi, maşa, hamısını bir yerdə 3000 dollara verdim. Sonra ardıcıl 3-4 ədəd də sifariş verdi, hazırladım. Çexiyadakı, Rusiyadakı dostlarına apardı. Onların da hər birini 3000 dollara düzəltdim.
Bəzən bölgələrdən də sifarişlər olur. Qəbələdə, Pirsaatda məscidlər var ki, onların minarələrinin üstündəki ələmi mən düzəltmişəm.
“ABAD” xidməti ilə də müqaviləmiz var. Mis məhsulları bizdən alıb satırlar. Lahıcdakı ustaların hamısı “ABAD”ın üzvləridir. Müqavilə bağlayanda hərə müəyyən əşyaların hazırlanmasını öz üzərinə götürür. Mən ayda təqribən 5-6 növ məhsul verirəm onlara. Hərəsi də fərqli qiymətə. Bahalı da olur, ucuz da. Qiymətləri də 2 manatdan 220 manata qədər dəyişir.
Bunlardan əlavə, bir də görürsən yerli bölgə əhalisindən kiminsə samovarı xarab olur, məcməisi əzilir, qazanı deşilir və ya çayniki sıradan çıxır ki, onları da biz təmir edirik. Bəzən müştəri gəlib deyir ki, qədimi qab-qaşıq dəstim var, amma içində ləvazimatlardan biri çatışmır. Belə olanda həmin ləvazimatdan o dəstə uyğun olanını hazırlayıb verirəm. Elə misgər var ki, naxış vurur, amma qab düzəldə bilmir. Mən isə həm naxış vura, həm də qab düzəldə bilirəm.
Qiymətləri nəyə əsasən təyin edirsiz?
- Məhsulun qiymətini ona nə qədər material sərf etdiymizə və ne qədər müddətə hazırladığımıza görə tənzimləyirik. Bir əl işinin hazırlanmasına heç olmasa 2-3 gün vaxt lazım olur. Sadə, naxışsız əşyalar nisbətən ucuz olur. Mən “ABAD” xidməti üçün 25 manata naxışsız su qabı düzəldirəm. O, sadə olduğu üçün düzəltmək tez başa gəlir.
Amma simuzər hazırlamaq bir az uzun prosesdir. Simuzər indiki samovarların ən qədim variantı hesab olunur. Onu hazırlamağa 21-25 gün vaxt sərf edirəm. Ona görə də qiyməti 220 manat olur.
Emalatxanalarda ən qədim misgərlik nümunələri neçə il tarixə malikdir?
- Emalatxanalarımızda 400 ilə qədər tarixə malik əşyalarımız var. Bəziləri hətta o qədər qədimdir ki, üstündə tarix də qeyd olunmayıb. Bu ərazilərdə məhsulun üzərində tarixi qeyd etmək adəti 400 ildən əvvələ getmir. Bu, əvvəlki ustaların ağlına gəlməyib.
Hazırda mənim emalatxanamda 200 ildən çox yaşı olan çıraqlar var. Onları əcnəbilər ala bilmirlər. Yerlilər alsa idi, 250 manata təklif edərdim. Həmin çıraqların təzəsini də düzəldirəm. Onları emalatxanamda 80 manata satıram. “ABAD”a isə 60 manata verirəm.
Sənətkarlıq insan üçün bir xoşbəxtlikdir və çox qəribə hissdir. Məsələn, bir gözəl əşya düzəldirsən, onu baha qiymətə də satırsan, amma satmağına peşman olursansa bax, bu, sənətkarlıqdır. Çünki ondan sonra düzəltdiklərin əvvəlkinin yerini vermir.
Təqribən 1989-90-cı illərdə bir gül qabı düzəltmişdim. Üzərinə də rəssam Mikayıl Abdullayevin “Leyli və Məcnun” mövzusuna həsr edilmiş miniatürlərini işləmişdim. Çox gözəl alınmışdı. Onu 120 dollara bir bolqar biznesmenə satdım. O vaxt 120 dollar mənim üçün çox böyük bir pul olsa da, satmağıma peşman oldum. Həmin əşyadan hələ də düzəldə bilməmişəm.
Misgərlik üçün xammalı və alətləri necə əldə edirsiz?
- Bu sənət növündə qalay, sink, qurğuşun, bürünc, latun kimi metallardandan istifadə edilsə də, misgərliyin əsas xammalı mis hesab olunur. Lahıc və onun ətrafında heç vaxt misgərlik üçün xammal olmayıb. Qədimdə xammalı Qərbi Azərbaycandan gətirirdilər. Sovet dövründə isə Rusiyadan gətirməyə başladılar. Elə indi də əsasən Rusiyadan, bəzən isə Türkiyədən gətirirlər. Mis ticarəti ilə məşğul olan xüsusi adamlar var. Onlardan kiloqramı 13 dollara mis alırıq. Mən birdəfəlik təqribən 500-800 kiloqram mis sifariş verirəm ki, bu da mənə bir il bəs edir.
Alətlərimizin isə çoxu ata-babadan qalanlardı. Təzə alətlərimiz də var. Bəzən isə dəmirçilərə sifariş veririk yeni alətlər düzəldirlər.
Tədbirlərdə iştirak edirsinizmi?
- Hər il Bakıda keçirilən Novruz bayramı tədbirlərində iştirak edirəm. Müxtəlif rayonlarda olan tədbirlərə gedirəm. Heydər Əliyev fondu tərəfindən keçirilən tədbirlərdə oluram. Gürcüstanda, Avstriyada, Rusiyada, Fransada müxtəlif tədbirlərdə iştirak etmişəm. Tədbirlər reklam üçündür, xüsusi qazanc gətirməsə də, tanınmağımıza səbəb olur. Orda insanlar əl işlərimizi görür, bəyənir, bəzən yenisini sifariş verir, bəzən isə hazır məhsullarımızı alırlar.
Xarici ölkələrdə keçirilən tədbirlərdə satdığınız ən bahalı əşya hansı olub?
- Mən Parisdə çox əşya satmışam. Məsələn, bir yapona 300 Avroya qədimi, naxışlı məcməi satmışdım. Naxışları çox da yaxşı olmadığı üçün bir az cilalayıb, təmir edib özümlə aparmışdım. Əla vəziyyətdə olsa idi aparmazdım.
Tədbirlərə getdiyinizə görə sizə əlavə qazanc ödənilirmi?
- Xeyr, ödənilmir. Xarici ölkələrə tədbirlərə gedəndə yol pulu, otel pulu və digər bütün xərclərimiz dövlət tərəfindən qarşılanır. Amma rayonlara gedəndə yox. Mən mədəniyyətlərarası forumlarda iştirak eləmişəm. “Baku Expo Centre”də keçirilən bütün turizm tədbirlərdində olmuşam. 3 dəfə “Formula 1” yarışları ilə bağlı tədbirlərdə iştirak etmişəm. Bu kimi yüksək səviyyəli tədbirlədə xüsusi bir gəlirimiz olmasa da, yol pulumuzu ödəyirlər. Amma bəzən olur ki, hər hansı bir rayon icra orqanı adamı tədbirə dəvət edir. Xərc çəkib, maşın tutub gedirsən, amma adamı aldadırlar, heç yol pulunu da vermirlər.
Amma bir şeyi də qeyd etmək lazımdır ki, Baba dağın ətəyində ucqar bir əyalətdə yaşayan misgər üçün Parisə, Vyanaya getmək özü bir qazancdır. Mən 3 dəfə Parisdə tədbirdə olmuşam, hər dəfə də 11-15 gün orada qalmışam. Bütün xərclər də dövlət tərəfindən qarşılanıb.
Misgərlik sənətinin inkişafı ilə bağlı hansı təklifləriniz var?
- Mis davamlı metaldır. Sağlamlıq üçün də xeyirlidir. Həm də misgərlik bizim tarixi-mədəni irsimizdir. Ona görə də bu sənəti yaşatmaq, gələcək nəsillərə öyrətmək lazımdır. Düşünürəm ki, bu barədə dövlət qurumları iş görməlidir. Xüsusi ardıcıl layihələr həyata keçirilməlidir. Mən bir neçə dəfə Mədəniyyət Nazirliyinə müraciət edib bildirmişəm ki, şərait yaradılsa, mən bu sənətin pedaqoji tədrisi ilə məşğul ola bilərəm. Hələlik isə, bildiklərimi oğluma öyrətməklə kifayətlənirəm.
2015-ci ildə Lahıc misgərlik sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bu vaxta qədər heç vaxt sənətkarlığa bu böyüklükdə qiymət verilməmişdi. Mən bu sahədə gördüyü işlərə görə, ölkə prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya təşəkkürlərimi bildirmişəm. Keçən il prezident və xanımı Lahıca gəlmişdilər. Əvvəlki illərdə də mən onları qonaq etmişdim. Evimə də gəldilər, dükanımda da oldular.