Milli Məclisdə yeni hazırlanmış “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması” haqqında qanun layihəsinin təqdimatı keçirilir.
Parlamentin sədr müavini, MM-in İnsan haqları komitəsinin sədri Bahar Muradovanın sədrliyi ilə keçirilən təqdimatda Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, respublika hərbi prokuroru Xanlar Vəliyev, deputatlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.
B. Muradova bildirib ki, Azərbaycan zaman-zaman öz ərazilərini itirib, vətəndaşları qırğına məruz qalıb, mədəniyyət abidələri dağıdılıb: “Biz beynəlxalq aləmi məsələ ilə bağlı düzgün bilgiləndirmək, Azərbaycana qarşı törədilən cinayətlərin hüquqi qiymət alması və cinayətkarların cəzalandırılması barədə məlumatlandırmaq yönündə müəyyən işlər görmüşük. Ancaq bu gün ərazilərimiz işğal altındadır, insanlar öz evlərində, yurdlarında yaşamaq kimi fundamental hüquqlarından məhrum olublar. Dünya vaxtında bu cinayətlərin mahiyyətindən xəbərsiz olub. Bu hadisələrə ilkin münasibət ümummilli lider hakimiyyətə qayıdandan sonra verilib, BMT-yə müraciət edilib, çoxsaylı cinayət işləri qaldırılıb. Cinayətkarlar bəlli olsa da, qonşu ölkələrin rəhbərliyində təmsil olunaraq cəzadan yayınırlar”.