Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci il üzrə sığorta bazarının göstəricilərini açıqlayıb. FED.az xəbər verir ki, ötən ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 556 milyon 866,6 min manat sığorta haqqı toplanıb. Bu 2016-cı illə müqayisədə 72 milyon manat və ya 14,8% artıqdır.
Ötən il sığorta şirkətləri sığorta hadisələrinə görə, 257 milyon 109,5 min manat ödəniş ediblər. Bu göstərici isə əvvəlki illə müqayisədə 24,6 milyon manat və ya 10,6% artıqdır.
2017-ci il ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 46,2 manatı sığorta hadisələrinin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 48,8 manat olub.
2017-ci ildə ümumi sığorta haqlarının 67.4% könüllü, 32.6% icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin isə 77.6% könüllü, 22.4% icbari sığorta növlərinin payına düşüb.
Könüllü sığorta bazarı üzrə toplanan sığorta haqları 375 milyon 231 min manat, ödənişlər isə 199 milyon 425 min manata yaxın olub. Başqa sözlə, könüllü sığorta üzrə toplanan hər 100 manat sığorta haqqının 53 manatı ödəniş kimi müştərilərə qaytarılıb.
Yığımların 50%i yenidən müştəriyə ödənilib: SIĞORTA HESABATI
11:26
16 Yan 2018