Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin rəsmi saytı (www.asa.az) yenilənib. Saytda “Şirkətlər üzrə rəy” bölməsi istifadəyə verilib və bu, istehlakçıların sığorta şirkətləri barədə həm müsbət, həm mənfi rəyinin bildirilməsi üçün nəzərdə tutulub.
Qurumdan FED.az-a verilən məlumata görə, qeyd olunan rəylər müvafiq qaydada araşdırılacaq və yalnız həmin rəyin doğruluğunun təsdiq edilməsindən sonra rəydə haqqında bəhs edilən şirkətə müvafiq bal veriləcəkdir.
Bu funksiya sığorta şirkətləri tərəfindən müştərilərə göstərilən xidmətlər əsasında onların reytinq səviyyələrinin müəyyənləşdirilməsi, sığortaçılarla sığortalılar arasında yaranan mübahisələrin həllinə nail olunması, həmçinin, mənfi qiymətləndirilən halın aradan qaldırılması yolu ilə şirkətlər arasında rəqabətin artımına və beləcə, sığorta bazarının inkişafına təkan verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi (ASA) 2006-cı ildən fəaliyyət göstərir.
Azərbaycan sığorta bazarında fəaliyyət göstərən iyirmi sığorta şirkəti və bir təkrarsığorta şirkəti ASA-nın təsisçisidir.
Birliyin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən və Birliyin təsisçiləri olan sığorta şirkətlərinin və təkrarsığorta şirkətinin, eyni zamanda, sığorta vasitəçilərinin və sığorta sahəsində yardımçı fəaliyyət göstərən, sığorta sahəsi ilə əlaqədar olan digər hüquqi şəxslərin inkişaf etməsinə köməklik göstərilməsindən ibarətdir.