Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığortaçıların Audatex Azərbaycan şirkəti ilə görüşü keçirildi. FED.az xəbər verir ki, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Audatex Azərbaycan şirkətinin nümayəndələri və sığorta şirkətlərinin rəhbər və sahə üzrə əlaqədar şəxsləri iştirak etdi.
Görüş zamanı Audatex Azərbaycan şirkətinin nümayəndəsi sistemin fəaliyyət mexanizmi barədə sığortaçılara məlumat verdi və Audatex sisteminin Azərbaycan sığorta bazarında tətbiqi məsələsi müzakirə edildi. Həmçinin, sistemin Azərbaycanda tətbiqi üçün mövcud problemlər barədə fikir mübadiləsi aparıldı və bunun həlli üçün təkliflər irəli sürüldü.
Yekunda Audatex sisteminin tətbiqi üzrə Azərbaycan Sığortaçılar Assosiasiyası nəzdində İşçi Qrupunun yaradılması qərara alındı.
Qeyd edək ki, Audatex fəaliyyətini Solera nəzdində həyata keçirən və İsveçrədə yerləşən Audatex Holding GMBH ve Audatex GMBH şirkətlərinin birgə əməkdaşlığı nəticəsində yaradılmışdır. Audatex 1960-cı illərdə zərərlərin tənzimlənməsi mexanizminin sadələşdirilməsi məqsədilə Almaniyada özəl bir avtomobil təmir mərkəzində şassi və işçilərlə bağlı məlumatların toplanması nəticəsində ortaya çıxmışdır.
1971-ci ildə Audatex zərərlərin təsbitində daha effektiv və etimad edilən bir sistem olması məqsədilə İsveçrə bazarına təqdim olunmuşdur. Audatex zərərlərin hesablanması və tənzimlənməsi mexanizmini 55-dən çox ölkəyə təqdim etmiş beynəlxalq şirkətdir. Bu ölkələrdə Audatex sığorta şirkətləri, ekspertlər və avtomobil təmir mərkəzləri arasında ortaq dilin istifadəsini təmin edərək bu sahədə standartları müəyyən edir və sektoru istiqamətləndirir.
Sığortada Audatex-in tətbiqi üçün İŞÇİ QRUPU YARADILDI
10:32
16 Mart 2018