Sığorta maliyyənin ayrılmaz tərkib hissəsidir. Sığorta şirkətlərinin fəaliyyəti iqtisadiyyatın bir çox sahələlərində müəssisələrin, eləcə də insanların üzləşə biləcəyi risk və itkiləri minimuma endirir. Sığorta sektorunda fəaliyyət göstərən şirkətlər də müəyyən şəxslər - CEO-lar tərəfindən idarə olunur.
Bu maliyyə nəhənglərinin kimlər tərəfindən idarə olunduğu, həmin idarəçilərin təhsil səviyyəsi, hansı ixtisasa sahib olduqları, yəqin ki, hamıya maraqlıdır. O zaman, bu aşdırmamız da sizlər üçün maraqlı olacaq.
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərini idarə edən CEO-larımızın ixtisasları nədir, təhsillərini harada başa vurublar? Birlikdə tanış olaq:
Anar Bayramov – "Tibb", "Maliyyə"
Anar Bayramov “A Group Sığorta” şirkətinin İdarə Heyətinin sədridir. O, 1991-1997 –ci illərdə Azərbaycan Tibb Universitetində bakalavr təhsili, 2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə üzrə MBA təhsilini başa vurub.
Müseyb Əliyev - "İqtisadiyyat", "Maliyyə, pul tədavülü və kredit"
Müseyib Əliyev hal-hazırda "Atasığorta"nın İdarə Heyətinin sədridir. O, 1987-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuş, 1993-cü ildə ali təhsilini bitirib iqtisadçı ixtisası almışdır. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna “Maliyyə, pul tədavülü və kredit” ixtisası üzrə aspiranturanı bitirmişdir. 2005-ci ildə “Bazar münasibətləri şəraitində bankların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
Əliyev Azər Əmiraslan oğlu - "Maliyyə"
Əliyev Azər Əmiraslan oğlu hal-hazırda “Atəşgah Həyat Sığorta”nın İdarə Heyətinin sədridir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakultəsində bakalavr dərəcəsi üzrə təhsil alıb. “Oxford Universiteti”nin Maliyyə üzrə magistr dərəcəsində təhsilini başa vurub. İqtisad Elmləri namizədidir.
Əliyev Azər Allahverdi oğlu - "Hüquq"
Azər Allahverdi oğlu Əliyev hal-hazırda "Atəşgah" Sığortanın İdarə Heyətinin Sədridir. O, Fransa Neft İnstitutu (IFP Məktəbi Rueil-Malmaison, Fransa) və Moskva Dövlət Hüquq Akademiyasının (Rusiya Federasiyası) magistrıdır.
Anar Talıbov - "Tarix", "Beynəlxalq İqtisadi Münasibətlər"
Anar Talıbov hal-hazırda "AZSIĞORTA" ASC-nin İdarə Heyətinin sədridir. O, 1995-1999-cu ildə Bakı Dövlət Universitetinin "Tarix" fakultəsini, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər" fakültəsini bitirib.
Kamran Babayev - "Hüquq", "Biznesin təşkili və idarəedilməsi" və "Sığorta"
Kamran Babayev “Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədridir. O, 1995-1999 illərdə Azərbaycan Beynəlxalq Universitetində hüquqşünaslıq, 1999-2003 illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarəedilməsi üzrə bakalavr təhsili alıb. Kamran Babayev, həmçinin, 2005-2006 illərdə Londonun "Chartered Insurance" İnstitutunda sığorta üzrə təhsil alıb.
Ramin Məmmədov - "Beynəlxalq İqtisadi Münasibətlər"
Ramin Məmmədov hal-hazırda “Bakı Sığorta”da İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir. O, 2002-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsində ali təhsil alıb.
Həsən Bədəlov - "Maliyyə və Bank işi"
Həsən Bədəlov “Günay Sığorta” ASC-nin İdarə Heyətinin sədridir. O, 1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə və Bank işi" üzrə bakalavr, 2001-2003-cü illərdə isə həmin universitetdə "Maliyyə və Bank işi" üzrə magistr təhsili alıb. 2003-cü ildən İqtisad Universitetinin "Maliyyə və Bank işi" üzrə Fəlsəfə elmləri doktorudur.
Sevinc Gülmalıyeva - "Beynəlxalq İqtisadi Münasibətlər", "Sığorta"
Sevinc Gülmalıyeva “Meqa Sığorta”nın İdarə Heyətinin sədridir. O, 1996-2002 illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq İqtisadi Münasibətlər" üzrə magistr təhsili alıb, 2000-2005 illərdə isə Çarter Sığorta Universitetində (Böyük Britaniya) oxuyub.
Niyaz İsmayılov - "İqtisadi kibernetika"
Niyaz İsmayılov “PAŞA Həyat Sığorta”nın İdarə Heyətinin sədridir. O, təhsilini 2003-cü ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika fakültəsində bakalavr, 2005-ci ildə isə magistr pillələri üzrə başa vurub.
Azər Əlizadə - "Biznesin təşkili və idarə edilməsi"
Azər Əlizadə hal-hazırda Qala Həyat Sığorta şirkətinin İdarə Heyətinin Sədri vəzifəsini müvəqqəti icra edir. O, 1997-2001 illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə bakalavr təhsili alıb.
Selçuk Adıgüzel
Selçuk Adıgüzel "AXA MBASK" sığorta şirkətinin İdarə Heyətinin sədridir. O, 1992-1996 illərdə "Marmara Üniversitesi"ni oxuyub.
Fərhad Aslanov - "Beynəlxalq İqtisadi Münasibətlər", "Maliyyə və Kredit"
Fərhad Aslanov “Rəvan Sığorta”nın İdarə Heyətinin sədridir. O, 1998-2002-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsi üzrə bakalavr təhsili alıb. 2002-2004-cü illərdə həmin universitetin Maliyyə və Kredit fakultəsində magistr dərəcəsi üzrə təhsilini bitirib.
Kamran Bağırov - "Hüquq", "Sığorta"
Kamran Bağırov "Standard İnsurane"ın İdarə Heyətinin Sədridir. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini (magistratura) bitirib. Cİİ (Chartered İnsurance İnstitute, UK) diplomuna malikdir, eyni zamanda, İngiltərənin “Warwick Business School” məktəbindən MBA dərəcəsini almışdır.
Fuad Allahverdiyev – "Hüquq"
Fuad Allahverdiyev “Qala Sığorta”nın İdarə Heyətinin sədridir. O, Bakı Dövlət Universiteti və Rusiya Federasiyası Ədliyyə Nazirliyin Rusiya Hüquq Akademiyasını bitirib.
Niyazi İmanov - "Biznesin idarə edilməsi", "Sığorta"
Niyazi İmanov “İpəkyolu Sığorta” şirkətinin İdarə Heyətinin sədridir. O, 1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi üzrə bakalavr, 2001-2003-cü illərdə isə həmin universitetdə biznesin idarə edilməsi üzrə MBA təhsili alıb. 2003-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində sığorta üzrə iqtisad elmləri fəlsəfə doktoru adını qazanmışdır. 2015-2017-ci illərdə Hollandiyanın “Maastricht School of Management” universitetinin “Executive MBA” dərəcəsi, həmçinin, eyni ildə ADA Universitetinin Biznesin İdarəolunması üzrə MBA dərəcəsini almışdır.
Emil Ağasıyev - "Hüquq"
Emil Ağasıyev “Əmrah Sığorta”nın İdarə Heyətinin sədridir. O, 1993-1998-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsi üzrə bakalavr təhsili alıb. 1998-2000-ci illərdə isə həmin ixtisasın magistr pilləsini başa vurub.