Ötən ilin dekabr ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 77 741 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.
FED.az xəbər verir ki, bunlardan 14 711 müqavilə xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub. Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 5 957 574 manat təşkil edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 24% artım, sığorta haqlarının məbləğində isə 19% artım müşahidə edilib.
1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri elektron sənəd formasında bağlanılıb.
Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard İnsurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İPƏK YOLU SIĞORTA” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.