Azərbaycanın sığorta sektorunda dalğalanmanın qarşəsını almaq üçün müvəqqəti olaraq inzibatçılıq sərtləşdiriləcək. FED.az xəbər verir ki, bunu Bakıda keçirilən 6-cı Sığorta Konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib.
«Azərbaycanda sığorta sektorunda müvəqqəti inzibatçılığın yaradılması üçün hökumətə təklif vermişik»-deyə palata sədri bildirib. Onun sözlərinə görə, Azərbaycan sığorta sektorunda hesabatlılığı beynəlxalq IFA sisteminə uyğunlaşdırmaq niyyətindədir.
İ.Alışov bildirib ki, bu inzibatçılıq sığorta sektorunda dalğalanmaların qarşısını alacaq. Onnu sözlərinə görə, ölkədə makroiqtisadi mühitin formalaşması sığorta sektorunda yığımların artmasına səbəb olub: «Bu ilin beş ayında ölkədə sığorta yığımları 352 milyon manat olub ki, bu da illik müqayisədə 47 faiz artım deməkdir. Yığımların 73 faizi könüllü, 27 faizi isə icbari sığorta üzrə olub».