Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə ipoteka kreditləri üzrə İşçi Qrupunun növbəti görüşü baş tutdu. Görüş ASA-nın sədri Mustafa Abbasbəyli və həyat sığorta şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirildi.
İpoteka və Zəmanət Fondunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə dəyişiklik təşəbbüsü ilə çıxış etməsi görüşün əsas müzakirə mövzusu oldu. Görüş zamanı sığortaçıların Fondla görüş təşkil etməsinin zəruriliyi vurğulandı. Həmçinin, Qanuna təklif olunan dəyişikliyin edilməməsinin daha məqsədəmüvafiq olacağını əsaslandıran fikirlər və təkliflər irəli sürüldü.
Görüşün yekunu olaraq, məsələ ilə əlaqədar sığortaçıların İpoteka və Zəmanət Fondu ilə ən qısa müddət ərzində görüşünün təşkil edilməsi qərara alındı.
Qeyd edək ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsində ipoteka müqaviləsində nəzərdə tutulan hallarda, ipoteka qoyulan əşyanın zədələnmə və ya məhvolma risklərinə qarşı sığorta etdirilməli olduğu tələbi müəyyən edilmişdir. İpoteka və Zəmanət Fondu isə sığorta tariflərinin yüksək olmasını əsas gətirərək müvafiq maddənin dəyişdirilməsi təklifi ilə çıxış etmişdir.