Məlum olduğu kimi 2011-ci ildən etibarən ayrıca qanunvericilik bazası əsasında tənzimlənən və artıq 15 ildir ki, zərərçəkmişlərə verilən məbləğ kimi 5000 manatlıq təminat dəyişməsə də, hər 3-4 ildən bir olduğu kimi icbari avto-məsuliyyət sığortasında 16.06.2026-cı il tarixdə yenidən sığorta haqları artmaqdadır.
Avto sığortada yenilik: «Bonus-Malus» ləğv edilir - «Sığorta Tarixçəsi Əmsalı» işə düşəcək
Beynəlxalq sığortaçılıq prinsipləri və benchmark təcrübələr deməyə əsas verir ki, avto-məsuliyyət sığortası həm əhalinin daha sıx tempdə baş verən hadisələr zamanı zərərlərini adekvat kompensasiya etmək, həm də sığorta şirkətlərinin öz könüllü məhsullarını tanıtmaq üçün zərərli olsa belə, xidmətlərin həyata keçirilməsi baxımından bu növ icbari xarakterlidir.
Qonşu ölkələrdə bu məhsul üzrə daha təkmil tənzimləmələr olsa da, ölkəmizdə icbari avto-məsuliyyət sığortasına münasibətdə yalnız sığorta haqlarının artırılmasına xidmət edən islahatlar vətəndaşa münasibətdə müsbət heç bir nəticə ilə yadda qalmır. Belə ki, başlanğıcda Rusiya Federasiyası qanunvericiliyinə uyğun olaraq formalaşan bu növ üzrə hüquqi bazaya münasibətdə risk əmsalları (ərazi, etibarnamə, sürücünün yaşı, təcrübəsi və s) son illərdə gətirilməklə sığorta haqlarında risk əsaslı tənzimləmə yanaşması qoyulsa da, faktiki olaraq bu ildən Türkiyə təcrübəsində olduğu kimi yeni sığorta tarixçəsi əmsalı mövcud hüquqi bazaya əlavə edildi. Bütün bu islahatlara baxmayaraq, artıq iki devalvasiya, illik inflyasiya və digər təsiredici amillər baxımından vətəndaşlara ödənilən kompensasiya məbləğlərinin dəyəri ilbəil azalmaqdadır.
2011-ci ildə ağır xəsarətə görə ödənilən 1500 AZN və ya şəxsin ölümünə görə verilən 5000 AZN ilə bu gün ödənilən məbləğin kompensasiya xarakteri arasında əhəmiyyətli fərq mövcuddur. Yaxud 10 il əvvəlki hadisədə əzilən nəqliyyat vasitəsinin ehtiyat hissələrinin dəyərinə nisbətdə cari xərclər kifayət qədər artmışdır.
Bu təminat məbləği isə hələ də olduğu kimi qalsa da, təəssüf ki hər dəfə sığorta haqqında artım baş verir.
Bununla yanaşı, əvvəllər yayımlanan şikayət indeksi kimi vətəndaşların sığorta şirkəti seçməyinə təsir edən amillər mövcud reallıqda 3-5 şirkət arasında sadəcə simvolik bir xarakter daşıyır. Belə ki, vətəndaş aybaay dəyişən şikayət indeksinə əhəmiyyət vermədən məcburən məhdud şirkət seçimlərindən birini həyata keçirir. Nəzərə almaq lazımdır ki, rəsmi saytında 1.5 l mühərrik həcmli nəqliyyat vasitələrinə münasibətdə müəyyən dövrlərdə kifayət qədər məhdudiyyətlər tətbiq etmək iqtidarında olan hallar mövcud olub.
Bu kimi hallar vətəndaşın kortəbii olaraq hər hansı şirkətin xidmət keyfiyyəti amilindən asılı olmadan sadəcə məhsul alışına səbəb olur.
Onu da qeyd etmək lazımdır ki, mövcud sanksiya mexanizmi də tamamilə dəyişməlidir. Belə ki, sığorta müqaviləsinin müddəti başa çatan nəqliyyat vasitəsinə münasibətdə tətbiq edilən cərimənin 20 gün müddətində təkrarlanması faktiki olaraq həmin müddət ərzində bütün digər vətəndaşların sığortasız nəqliyyat vasitələrinə münasibətdə baş verəcək hallardan kompensasiya almamasına və dövlətin məhkəmə sistemində bu tip mübahisələrin sayının artmasına şərait yaradır.
Qeyd etmək lazımdır ki, hazırda həm cərimə məbləğlərinin yüksək olması, həm də yüngül bir qəzaya görə şəxsin sığorta əmsalında artımın olması kimi halları nəzərə alaraq əksər kiçikhəcmli qəzalarda zərərçəkmişlər öz aralarında razılaşaraq bu məsələlərin sığorta ilə tənzimlənməsindən uzaqlaşır.
Göründüyü kimi icbari avto-məsuliyyət sığortası üzrə demək olar ki, hər il islahatlar aparılsa da, faktiki olaraq tənzimləmələrdə mövcud olan kifayət qədər boşluqlar vətəndaşların həm sığorta müdafiəsindən kənar olmasına, həm də artıq sığorta haqqı ödəməsinə, həm də ki hər il dəyəri azalan sığorta təminatı nəticəsində əhəmiyyətli zərərlərlə üzbəüz qalmasına gətirib çıxarır.
Müəllif: Vəkil Sürəyya Həbilova















