İranla razılaşmanı ABŞ tərəfindən Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens, Tehran adından isə bu ölkənin parlamentinin sədri Məhəmmədbaqer Qalibaf imzalayıb.
ABŞ- İran razılaşmasının - DETALLARI AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid ABŞ rəsmilərinə istinadən “X” sosial şəbəkə hesabında yazıb.
M. Qalibaf isə “X” sosial şəbəkə hesabında yazıb ki, İran yekun qələbəyə doğru böyük bir addım atıb. “Biz möhkəm dayanmışıq və Allahın köməyi ilə qələbə qazanacağıq”, – o qeyd edib.
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, danışıqlar heyəti heç bir halda rəhbərlik tərəfindən müəyyən edilmiş siyasətdən geri çəkilməyəcək: “Bütün fəaliyyətlər milli maraqlar və sistem tərəfindən müəyyənləşdirilən xətlər çərçivəsində həyata keçiriləcək”.
Daha əvvəl o vurğulayıb ki, ABŞ ilə İran arasında razılaşdırılan memorandumun bütün bəndləri düzgün şəkildə icra olunarsa, Tehran regionda yeni şərait yarada bilər.
Bu arada “Reuters” agentliyi yüksək vəzifəli amerikalı məmura istinadən məlumat yayıb ki, Tehran və Vaşinqton arasında hərbi əməliyyatlara son qoymaq barədə anlaşma memorandumunu ABŞ prezidenti Donald Tramp, ABŞ vitse-prezidenti Cey Di Vens və İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqer Qalibaf imzalayıblar.
Ehtimal edilir ki, söhbət sənədin elektron imzalanmasından gedir.
***
ABŞ ilə İran arasında əldə olunmuş “İslamabad razılaşması”nın bəzi detalları məlum olub.
FED.az xəbər verir ki, bu barədə məlumatı İranın “Tasnim” xəbər agentliyi yayıb.
Məlumata görə, tərəflər arasında imzalanan sənədin 13-cü bəndi xüsusi çəkiyə malikdir.
Belə ki, bu bəndə əsasən, memorandumun müəyyən şərtləri tam icra olunmayana qədər tərəflər arasında yekun sənəd, yəni nüvə məsələsi ilə bağlı hər hansı bir danışıqlar aparılmayacaq. Danışıqların son gününə qədər sözügedən 13-cü bənd razılaşmanın digər 4, 5, 10 və 11-ci bəndlərini əhatə edirdi.
Razılaşmanın şərtlərinə görə, 4-cü bənd İrana qarşı dəniz mühasirəsinin ləğvini, 5-ci bənd Hörmüz boğazının yenidən kommersiya gəmiləri üçün açılmasını, 10-cu bənd İranın neft, neft-kimya məhsulları və onların törəmələrinin satışına tətbiq edilən sanksiyaların tamamilə aradan qaldırılmasını, 11-ci bənd isə İranın xarici banklarda dondurulmuş aktivlərinin sərbəst buraxılmasını nəzərdə tutur.
Agentlik bildirir ki, danışıqların son günündə rəsmi Tehranın böyük səyləri nəticəsində sənəddə mühüm dəyişiklik baş verib və 1-ci bənd də bura əlavə edilib. Bu isə o deməkdir ki, əgər İranda və ya onun daxil olduğu müqavimət cəbhəsində, o cümlədən Livanda hər hansı bir hərbi əməliyyat baş verərsə, yekun razılaşma üçün danışıqlar dərhal dayandırılacaq. Eyni zamanda, 13-cü maddəyə əsasən, razılaşmanın icrası, o cümlədən Hörmüz boğazının açılması prosesi avtomatik olaraq dondurulacaq.













