Xəbər verdiyimiz kimi, martın 1-dən Gürcüstan ərazisinə gələn və burada 15 gündən artıq qalmaq niyyətində olan xarici nömrə nişanlı bütün avtomobillərin sürücüləri nəqliyyat vasitəsini sığortalamalıdır.
FED.az xəbər verir ki, sürücülər sığortanı nəzarət-keçid məntəqəsindəcə rəsmiləşdirə bilər. Qiymət nəqliyyat vasitəsinin növündən və sığorta müddətindən asılıdır. Sənədi 15, 30 və ya 90 günlük, həmçinin 1 illik almaq mümkündür. Məsələn, minik avtomobilini 15 günlük sığortalamağın qiyməti 30 lari (12 dollara yaxın), bir aylıq 50 lari (20 dollara yaxın), bir illik isə 295 laridir (120 dollara yaxın).
Sığorta yol qəzası zamanı zərərçəkənə dəyən həm fiziki, həm də maddi ziyanı qarşılayacaq. Bununla belə sağlamlığa dəymiş ağır zərərin və ya ölümün tam, az ağır zərərin isə 60 və ya 30 faizi qarşılanacaq.
Eləcə də bax: “Ehtiyac olsa, xarici avtomobillərə rüsumu artaracağıq”
Sığorta sığortalanmışın qəsdən törətdiyi əməllərdən yaranan, təhlükəli maddələrin daşınmasından, terror aktları, hərbi əməliyyatlar və hərbi manevrlər, həmçinin yarışlar, təlimlər və sınaqlar zaman ortaya çıxan ziyanı qarsalamayacaq.
Sığortalanmamış motosikletə və yüngül avtomobilə görə cərimə 100 lari (40 dollardan çox), avtobuslar və yük maşınları üçün isə 200 laridir (80 dollardan çox).
Qeyd edək ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Gürcüstana səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərinə xəbərdarlıq edib. İdarədən Avtosfer.az-a verilən məlumatda bildirilir ki, Gürcüstan Respublikasının Azərbaycandakı səfirliyinin məlumatına əsasən, 15 dekabr 2017-ci il tarixdə Gürcüstan ərazisində hərəkət edən xarici ölkədə qeydə alınmış nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası haqqında qanun qəbul olunub, 26.01.2018-ci il tarixdə isə icbari sığorta üzrə öhdəliklərin yerinə yetirilməsi və anlaşılmazlıqların həlli üçün icbari sığorta mərkəzi yaradılıb. Bununla əlaqədar 1 mart 2018-ci il tarixdən etibarən nəqliyyat vasitəsinin sahibi və ya sürücüsü Gürcüstan ərazisində olacağı bütün müddət ərzində öz mülki məsuliyyətini sığortalamalıdır.
Gürcüstan Respublikasının qanunvericiliyinə əsasən, cari il mart ayının 1-dən icbari sığorta müqaviləsi olmayan şəxslərin 100 laridən 200 lariyədək məbləğdə cərimə olunması nəzərdə tutulduğundan DİN Baş DYP İdarəsi Gürcüstana səfərə gedən nəqliyyat vasitəsi sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, Gürcüstan ərazisinə daxil olarkən gömrük məntəqələrində (Sarpi, Qırmızı Körpü, Kazbeqi, Sadaxlo) və digər sərhədlərə yaxın mərkəzi şöbələrdə (banklar, ödəniş qutusu, veb sayt və broker məntəqələrində) həmin ölkədə qalacağı müddətə uyğun (15 gün, 30 gün, 90 gün, 1 il) sığorta paketini əldə etsinlər.
avtosfer.az