Azərbaycanda icbari sığorta ilə bağlı cərimələrə yenidən baxılacaq.
FED.az-ın məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Sığorta fəaliyyətinə nəzarət departamentinin əməkdaşı Firdovsi Ağaşirinov KİV nümayəndələri üçün təşkil olunmuş maarifləndirici seminarda çıxış edərkən bildirib.
Eləcə də bax: Yeni icbari sığorta məhsulları gəlir - AÇIQLANDI
F. Ağaşirinov deyib ki, 2019-2021-ci illərdə həyata keçiriləcək Tədbirlər Planında İnzibati Xətalar Məcəlləsində icbari sığorta ilə bağlı cərimələrə yenidən baxılması nəzərdə tutulub: "2019-2021-ci illəri nəzərdə tutan Tədbirlər Planında sığortalıların elektron mərkəzi məlumat reyestrinin, mikrosığorta məhsullarının, müştərək sığorta mexanizminin, sığorta agentlərinin peşə məsuliyyətinin sığortası növünün, həkimlərin peşə məsuliyyətinin icbari sığortası növünün, könüllü sığorta növləri üzrə qarantiya mexanizminin yaradılması nəzərdə tutulur. Risk əsaslı nəzarətə keçilməsi də Tədbirlər Planında əksini tapıb. Könüllü sığorta qaydalarının vahid formaya salınması, ölkə üçün katastrofik sayılan risklər üzrə daxili mexanizmlərinin yaradılması imkanlarının dəyərləndirilməsi, sığorta sektoruna investisiya qoyuluşunun təşviqi də Tədbirlər Planında əksini tapıb".
Qeyd edək ki, Azərbaycanın Baş nazir Novruz Məmmədovun 21 may 2019-cu tarixində imzaladığı 354 saylı sərəncamla təsdiqlənmiş Sığorta sisteminin inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planıda sığorta qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.