Azərbaycan sığorta bazarının liderindən olan “Atəşgah” Sığorta Qrupu 2018-ci il üzrə maliyyə hesabatını təqdim edib. FED.az xəbər verir ki, “Atəşgah” və “Atəşgah Həyat” sığorta şirkətlərinin ötən il ərzində topladığı sığorta haqlarının ümumi həcmi 95 mln. AZN təşkil edib.
“Atəşgah” Sığorta Şirkətinin 2018-ci il üzrə topladığı sığorta haqlarının həcmi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 35,9 mln. AZN təşkil edib. Sığorta ödənişlərinin həcmi isə 20,0 mln. AZN təşkil edib ki, bu göstərici 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur.
“Atəşgah” SŞ - nin 2018-ci il ərzində ən çox ödəniş etdiyi sığorta növləri tibbi sığorta və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur. Şirkətin tibbi sığorta üzrə ödənişlərinin həcmi 52% artaraq 4,8 mln. AZN, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərinin həcmi isə 18% artaraq 12,8 mln. AZN təşkil edib.
Eləcə də bax: Azərbaycandakı ticarət mərkəzlərində çalışanların çoxu sığortasızdır - VİDEOREPORTAJ
“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin topladığı sığorta haqları isə 2017-ci ilin analoji dövrü ilə müqayisədə 53% artaraq 59,0 mln. AZN olub.
Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.