2023-cü ilin sonuna qədər minalardan təmizlənmiş 57 km2 ərazidə geoloji axtarış işlərini icra etmişik
FED.az xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov yanvarın 30-da ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
Biz fəaliyyətə başladığımız dövrdən Qarabağ və Şərqi Zəngəzurda qanunsuz istismar faktlarının araşdırılmasına da xüsusi diqqət ayırırıq. Ermənistan və bəzi Avropa şirkətlərinin qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə fəaliyyətimizi bu gün də davam etdiririk. Vətən müharibəsindən daha əvvəl, 2018-ci ildə başlatdığımız bu proses torpaqlarımız düşmən işğalından azad edildikdən sonra daha geniş miqyas alıb. 2022-ci ildən “AzerGold” bu istiqamətdə fəaliyyətini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə əməkdaşlıq şəraitində həyata keçirir.
Həmçinin “AzerGold” QSC 2022-ci ildən Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən “Tutxun” nəcib metal təzahürləri sahəsində mərhələli kəşfiyyat-axtarış işlərinə başlayıb. Axtarış işləri yalnız minalardan təmizlənmiş sahələrdə aparılır. Belə ki, biz “Tutxun” sahəsində 273 km2 ərazidə tədqiqat aparmağı planlaşdırsaq da, 2023-cü ilin sonuna qədər minalardan təmizlənmiş 57 km2 ərazidə geoloji axtarış işlərini icra etmişik. İlkin nəticələr kafidir, tədqiqatlar davam etdirilir. Cari il daha 32 km2 sahənin geoloji axtarış işləri üçün ayrılması nəzərdə tutulub. Hazırda ərazi Minatəmizləmə Agentliyi – ANAMA-nın mütəxəssisləri tərəfindən mina və digər partlamamış hərbi sursatlardan təmizlənir.
Torpaqların minalardan təmizlənməsi ilə əlaqədar yaranan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə 2022-ci ildə Cənubi Qafqaz regionunda ilk dəfə olaraq tədqiqat ərazisində hiperspektral peyk çəkilişləri həyata keçirilib. Çəkilişlər Kəlbəcər rayonunu, eləcə də Laçın rayonunun bir hissəsini əhatə etməklə, ümumilikdə 1624 km2 sahədə aparılıb.