Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərəcək investorlar üçün biznes xəbərlər mərkəzi yaradılacaq.
Eləcə də bax: Ələt iqtisadi zonasına yatırım barədə - 13 ÖLKƏ İLƏ SAZİŞ İMZALANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib.
Onun sözlərinə görə, bu mərkəz investorların fəaliyyətinə dəstək olmaqla yanaşı, müəssisələrin ən qısa zamanda qeydiyyatı və yaradılmasını həyata keçirəcək və investorlara imkan verəcək ki, bütün zəruri sənədləri (lisenziyaları, sertifikatları, icazə və vizaları) ayrı-ayrı qurumlardan deyil, qısa müddət ərzində bu mərkəzdən əldə edə bilsinlər.
"Paralel olaraq, gömrük-keçid məntəqəsi, Ələt Azad İqtisadi Zonasının inzibati binası, bu zonada müvafiq gömrük qurumunun yerləşdirilməsi üçün, potensial investorlar üçün ofislərin, "bir pəncərə" qaydası ilə çalışan biznes xidməti mərkəzinin inzibati binasının inşasına başlanılıb. Tikinti və inşaat işləri qrafik üzrə aparılır və biz birinci mərhələ üzrə nəzərdə tutulan infrastruktur və inşaat işlərini 2022-ci ilin iyul ayına kimi başa çatdırmağı və ilkin investorları qarşılamağı planlaşdırırıq", - deyə V. Ələsgərov qeyd edib.
O həmçinin əlavə edib k, birinci mərhələ üzrə infrastruktur və inşaat işlər başa çatdıqdan sonra ikinci mərhələdə 84 hektar sahədə tikinti işlərinə başlanacaq və bu proses sonrakı illərdə davam etdiriləcək.