Prezident İlham Əliyev mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edib.
FED.az xəbər verir ki, dövlət başçısı, ilk növbədə, Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbriklərini çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev Özbəkistana səfərləri zamanı bu ölkədə gedən böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Özbəkistan Prezidenti ilə keçirilən görüşlər zamanı əldə olunmuş razılaşmaların, o cümlədən avtomobil istehsalı sahəsində həyata keçirilən işlərin də əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğuladı.
Şavkat Mirziyoyevin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini vurğulayan Uluqbek Rozukulov dövlət başçılarının tapşırıqları əsasında azərbaycanlı həmkarları ilə daim əzmlə çalışdıqlarını diqqətə çatdırdı.
Uluqbek Rozukulov ölkəmizə səfəri çərçivəsində Hacıqabul Sənaye Məhəlləsində iki istehsal müəssisəsinin – qaynaq və boyama fabriklərinin təməlqoyma mərasimində iştirak edəcəyi barədə dövlətimizin başçısına məlumat verdi.
Qeyd etdi ki, hər iki müəssisə Azərbaycanda avtomobil istehsalının lokallaşdırılması istiqamətində növbəti addım olmaqla sənayenin bu sahəsinin inkişafına töhfə verəcək.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.