Xəbər verildiyi kimi, Nazirlər Kabineti «İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi»ni təsdiqləyib.
FED.az xəbər verir ki, bu sənəddə digər məsələlərlə yanaşı, göstərilib ki, sığortalı vətəndaş sığortası olsa da, bəzi hallarda həkim xidmətləri üçün ödəniş etməli olacaq.
Bu məsələ, sənədin «Müştərək maliyyələşmə məbləği tətbiq edilən hallar»da əksini tapıb.
Sənədə əsasən nəzərə tutulmuş tibbi xidmətlərdən istifadə zamanı bəzi hallarda tibbi xidmətlərə müştərək maliyyələşmə məbləğləri tətbiq ediləcək. Yəni həmin xidmətin pulunun bir hissəsini vətəndaş ödəyəcək. Bu hallar aşağıdakılardır:
1. Sığortaolunan ailə həkiminin (sahə pediatrı, sahə terapevti) göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə ambulator şəraitdə ixtisaslı həkimə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 5 (beş) manat, tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 5 (beş) manat və tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 15 (on beş) manat;
2. Sığortaolunan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün - 5 (beş) manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 (yüz) manatdan artıq hər bir sığorta hadisəsinə görə - 30 (otuz) manat;
3. Sığortaolunan qeydiyyatda olduğu inzibati ərazi üzrə tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün - 15 (on beş) manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 (yüz) manatdan artıq hər bir sığorta hadisəsinə görə - 90 (doxsan) manat.
Bundan başqa, tibbi sığortası olan vətəndaş ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə də hər müraciət üçün 20 manat müştərək maliyyələşmə məbləği ödəməli olacaq.