Bu il əlverişsiz hava şəraiti Qubada bir sıra meyvə bağlarına ziyan vurub. Zərər görən təsərrüfatlardan biri də alma bağlarıdır.
FED.az biznes və maliyyə xəbərləri portalı "Baku TY"-yə istinadən xəbər verir ki, əksər bağlarda almaların xarici görünüşü korlanıb, meyvələrin üzərində ləkələr əmələ gəlib, məhsulun keyfiyyəti aşağı düşüb. Bu isə fermerləri çətin vəziyyətə salıb.
Bağ sahibi, fermer Camal Fərmanov bildirir ki, almaların əksəriyyəti korlanıb:
«10 alma dərsən, bir dənə də təmizi yoxdur. Almaların 90%-i dəmgillidir. Onları yalnız konserv zavodu götürəcək, o da kiloqramını 5-6 qəpiyə. Bu da yeşiyi 2 manat edir. 1,2 manat fəhləyə verilir, 30 qəpik də texnikaya xərclənir. Faktiki olaraq satışa yararlı meyvə yoxdur».
C. Fərmanov bildirir ki, bu il 1 hektar alma bağına 2500 manat xərc çəkib, amma faktiki olaraq pulu batıb:
«Şəxsən mən bağa 2 500 manat xərc çəkmişəm. Bir hektar bağdan adətən 8-10 min manat gəlir əldə edirdik. Amma bu il çəkdiyim xərci belə çıxara bilməyəcəyəm».
Fermer bağını aqrar sığorta etdirmədiyini bildirir.
Digər fermer Zakir Bahadırov isə deyir ki, bu il hava şəraiti ilə əlaqədar yağıntılar çox olub və bağlara normal qulluq etmək mümkün olmayıb:
«Dərmanlar da çox baha idi. Əvvəlki illərlə müqayisədə xərclərimiz xeyli artıb. Buna baxmayaraq, ağacları dəmgil xəstəliyi basıb. Məhsulun təxminən 90 faizi yararsız vəziyyətə düşüb. Satış üçün yararlı alma demək olar ki, yoxdur. Yalnız emal üçün istifadə oluna bilər, onu da alan tapılmır. Hazırda 10-15 min manat zərər içindəyik».
Kənd təsərrüfatı üzrə mütəxəssis Mədət Qurbanov bildirir ki, əlverişsiz hava şəraiti səbəbindən Qubadakı meyvə bağlarının demək olar ki, 30-40%-i xəstəliyə yoluxub. Fermerlər xüsusilə məhsul yığımından sonra, yəni payızda qış müalicəsinə diqqət yetirməlidirlər:
«Yəni müvafiq müalicələr aparmalı, xüsusilə Bordo qarışığından (Bordo mayesindən) istifadə etməlidirlər. Həm payızda, həm də yazda, yəni tumurcuqların şişməsi ərəfəsində bu müalicəni aparmalıdırlar ki, bağlarda dəmgil xəstəliyinin qarşısı alınsın».
Eyni zamanda mütəxəssis bildirir ki, bağı xəstəliklərdən qorumaq üçün bütün xəstə meyvələr yığılıb məhv edilməlidir ki, qalan meyvələr sağlam qalsın və ağaclar növbəti il üçün meyvə tumurcuğu bağlaya bilsin.
Onun sözlərinə görə, Quba-Xaçmaz bölgəsi dağlıq ərazi olduğu üçün hava şəraiti kəskin şəkildə dəyişə, məsələn, dolu yağa bilər. Buna görə də fermerlərə tövsiyə olunur ki, ilin əvvəlində öz bağlarını aqrar sığorta etdirsinlər. Bu halda əlverişsiz hava şəraiti və digər sığorta hadisələri nəticəsində dəymiş zərər sığorta tərəfindən ödənilə bilər.














