Son illər sürətlə inkişaf etmiş Gürcüstanın daşınmaz əmlak bazarı xarici investorlar üçün cəlbediciliyini artırıb.
FED.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, xaricilər Gürcüstanda kütləvi şəkildə mənzil almaqda davam edirlər, üstəlik, alıcıların davranışı da dəyişir.
Belə ki, xarici investorların bir hissəsi fərdi mənzillər almaq əvəzinə, getdikcə daha çox yeni tikinti komplekslərindən 10-larla mənzili birdən almağa üstünlük verirlər.
Gürcüstan Rieltorlar Assosiasiyasının (GREA) təsisçisi Nino Absandzenin sözlərinə görə, alıcılar tikintinin ilkin mərhələlərində kütləvi investisiyalara yönəliblər.
Yəni onlar adətən birdəfəyə 30-50 mənzil aldıqları layihələrlə maraqlanırlar.
Bu cür əməliyyatların əsas məqsədi, tikintisi başa çatdıqdan sonra əmlakın dəyərinin artması səbəbindən qısa müddət ərzində 25-30% qiymət artımı ilə sürətli gəlir əldə etməkdir.
Buna nümunə olaraq, iki-üç ay ərzində satılan 150 mənzilin tam yarısının oxşar investisiya paketi vasitəsilə satıldığı son layihələrdən birini göstərmək olar.
GREA-nın qeyd etdiyi kimi, ölkə daxilində alternativ maliyyə alətlərinin məhdud mövcudluğu daşınmaz əmlakı təkcə əcnəbilər üçün deyil, həm də maddi dəyərinə görə "konkret" seçən yerli investorlar üçün ən etibarlı və başa düşülən aktivə çevirir.
Tbilisinin rekord göstəriciləri
«Colliers» şirkətinin analitik hesabatı paytaxt bölgəsində güclü bir artımı təsdiqləyir. 2026-cı ilin iyun ayında Tbilisidə 4484 mənzil satışı qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35% artım deməkdir.
Yaşayış daşınmaz əmlak bazarının ümumi pul həcmi ay ərzində 387 milyon dollara çatıb ki, bu da illik müqayisədə 54% ciddi artım deməkdir.














