Xəbər verildiyi kimi, Azərbaycanda "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişikliklər hazırlanır. FED.az xəbər verir ki, yYeniliklərə əsasən ölkədə donorların və oranlara ehtiyac olanların məlumat bazası yaradılacaq, eləcə də meyitlərdən bəzi orqanların götürülməsinə icazə veriləcək.
Milli Məclisdən verilən məlumata görə, Hazırki qanunda köçürülməli olan orqanlar arasında böyrək, qaraciyər və gözün buynuz qişası yer alıb. Yeniliklər nəicəsində isə bu siyahıya ürək, ağciyər kompleksi, sümük əzələ kompleksi, mədəaltı vəzin bir hissəsi, uşaqlıq və s. də əlavə oluna bilər.
Qeyd edək ki, dünyadakı orqan transplantasiyası əməliyyatlarının 80-90 faizi məhz ölmüş insanların orqanı hesabına aparılır. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Azərbaycanda isə meyitdən orqan köçürülməsi olmadığına görə bütün transplantasiyalar canlı insandan götürülən orqanların hesabına həyata keçirilir.
Bu da bir tərəfdən donor üçün riskdir, digər tərəfdən geniş şəkildə transplantasiya həyata keçirməyə imkan vermir, yəni canlı insan yalnız cüt orqanlarını verə bilər. Ona görə də bu sistemin qurulması çox vacibdir.
Bəs Azərbaycanda orqan köçürülməsi neçəyə başa gəlir?
Hazırda Azərbaycanla daha çox böyrək və qaraciyər transplantasiyası keçirilir. FED.az bu sahədə həm xəstəxanadakı rəsmi, həm də «qara bazar»dakı qeyri-rəsmi qiymətləri araşdırıb.
“Mərkəzi Neftçilər Xəstəxanası”-dan verilən məlumata görə qaraciyər köçürülməsi 45 min manat , böyrək isə 12 min manat-a həyata keçirilir, özü də bu yalnız əməliyyatın qiymətidir. Lakin sonra xəstəxana bu məlumatı təkzib edib.
“Memorial Klinik”-in Azərbaycandakı nümayəndəliyindən FED.az-a verilən məlumata görə qaraciyər köçürülməsi əməliyyatı 90 min dollar, böyrək isə 25 min dollardır. Qeyd edək ki, bu əməliyyatlar Türkiyədə olur və bu qiymətə yalnız əməliyyat və orada qalma xərcləri aiddir. Donor isə yalnız qohum olmalıdır və böyrək uyğunluğunu yoxlamaq üçün keçirilən analiz isə bu qiymətdən əlavə hesablanır.
“M.Cavadzadə adına Respublika Klinik Uroloji” –dən verilən məlumata görə burada yalnız böyrək köçürülməsi həyata keçirilir və əməliyyat pulsuz olaraq aparılır. Donor isə qohum olmalıdır.
“Mərkəzi Gömrük Hospital”-dan FED.az-a verilən məlumatda isə bildirilir ki, qaraciyər köçürülməsi 42 min manat, böyrək isə 12 min manatdır . Qeyd etdi ki, bu qiymətlər təqribidir və qiymətlər donorların böyrək və qaraciyərinin vəziyyətinə görə dəyişir və bu qiymətlərə əməliyyata qədər olan analiz qiymətləri daxil deyil.
Xəstəxanalardan donorun yalnız qohum olması tələbi qoyulsa da, “qara bazar”da da böyrək satan və alanlar var. Belə ki, böyrək alışında qiymətlər 5-15 min manat aralığında dəyişir.
Böyrək satışında qiymətlər isə 30-45 min manat aralığında dəyisir və hətta razılaşma yolu ilə satanlar da var. Qaraciyərini satmaq istəyənlər isə onu 25 min manata təklif edirlər.