2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycanın bəzi regionlarına yönəldilən investisiyaların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə ciddi azalmalar qeydə alınıb.
FED.az xəbər verir ki, renkinqə investisiyanın ən kəskin azalma tempi ilə Qax rayonu başçılıq edir. Rayona yatırılan sərmayə 7 milyon 534 min manat azalaraq, ötən illə müqayisədə 9,9 dəfə aşağı düşüb.
İkinci yerdə Yardımlı rayonu qərarlaşıb – burada azalma 10 milyon 874 min manat, yəni 4,2 dəfə təşkil edib.
Naftalan şəhərində investisiya qoyuluşu 2 milyon 524 min manat azalib ki, bu da 2,7 dəfə geriləmə deməkdir.
Qazax rayonuna yönəldilən vəsaitin həcmi 7 milyon 977 min manat azalma nümayiş etdirib, başqa sözlə sərmayə qoyuluşu 2,4 dəfə kiçilib.
Şəmkir rayonunda investisiyalar 14 milyon 425 min manat və ya 2,2 dəfə azalıb.
Digər rayonlarda isə azalma faizlə ifadə olunub:
Quba rayonunda investisiya qoyuluşu 23 milyon 453 min manat, yəni 48,2 faiz azalıb. İmişli rayonunda bu göstərici 20 milyon 81 min manat, başqa sözlə 46,5 faiz təşkil edib.
Şamaxı rayonuna yönəldilən vəsait 47 milyon 756 min manat və ya 46,2 faiz geriləyib.
Mütləq rəqəmlə ən böyük azalma Laçın rayonunda olsa da, faiz nisbəti ilə siyahının ortalarında yer alıb – rayonda investisiyalar 258 milyon 742 min manat, yəni 44,1 faiz azalıb.
Siyahını Şabran rayonu tamamlayır – burada azalma 3 milyon 199 min manat, başqa sözlə 41,5 faiz olub.










