Türkiyənin “Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirören Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qoyulan investisiyalardan danışıb.
Qarabağda işləyən sahibkarlar üçün – GÜZƏŞTLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, bazar günü “Hürriyet” qəzetinə müsahibə verən Demirören rəhbəri olduğu holdinqin təkcə Türkiyədə deyil, xaricdə, xüsusilə də Azərbaycanda investisiyalarından bəhs edib.
Demirören xatırladıb ki, rəhbərlik etdiyi şirkətlər qrupu enerji, logistika və media sahələrində ixtisaslaşıb: “Bizim sərmayələrimiz təkcə Türkiyənin deyil, qardaş dövlətlərimizin də iqtisadi rifahına töhfə verir. Amma bundan da vacibi odur ki, fəaliyyətimiz dövlətlər arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə kömək edir. Bu, bizi çox sevindirir”.
Demirörenin sözlərinə görə, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən sonra onun rəhbərlik etdiyi holdinq işğaldan azad edilmiş ərazilərin bərpasına töhfə vermək qərarına gələn ilk şirkətlərdən olub.
“Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və inkişafına kömək edirik, yeni layihələr həyata keçiririk. İnvestisiyalarımız davam edir”, -deyə idarə heyətinin sədri bildirib. (Azərtac)