“İşğaldan azad edilmiş ərazilərə dəymiş ziyanın hesablanmasının planlaşdırma və metodoloji nöqteyi-nəzərdən vahid əsası təşkil edilib. Məhz gələcəkdə məhkəmə təzminatlarının, məhkəmə proseslərinin aparılmasını nəzərə alaraq, biz bu işi öncədən vahid metodoloji əsasda qururuq”.
Eləcə də bax: Prezidentin sədrliyi ilə müşavirə keçirilib - TAM MƏTN
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirib.
“Paralel olaraq həm yerli qiymətləndirici şirkətlərin, dövlət müəssisələrinin burada, ilk növbədə, Əmlak Məsələləri Dövlət Xidmətinin kompetensiyaları çərçivəsində, özəl sektorun cəlb edilməsi və digər aidiyyəti dövlət orqanları ilə birlikdə hər bir istiqamət üzrə bu fəaliyyətin həyata keçirilməsinə başlamışıq. Bu prosesin ilkin mərhələsində indiyə qədər keçirilmiş ayrı-ayrı qiymətləndirmələrin və tədqiqatların ümumiləşdirilməsi, təhlili və paralel olaraq ərazilərə təhlükəsiz çıxışın təmin edilməsi ilə birlikdə artıq həmin qiymətləndirilmələrin yerində aparılması həyata keçirilir.
Burada xüsusilə Siz qeyd etdiyiniz kimi, bizim dağ-mədən yataqlarının istismarından, daha doğrusu Bu fəaliyyəti artıq bir neçə ildir ki, Sizin göstərişinizə uyğun olaraq həyata keçiririk və hazırda sadəcə, dəqiqləşmə işləri aparılır. Çünki bizim həmin yataqlara artıq fiziki çıxışımız da var. Analoji olaraq dağıdılmış mülkiyyət, torpaq istismarı, istər dövlət mülkiyyəti, istərsə də özəl mülkiyyət üzrə təbii sərvətlərə dəymiş zərər kimi istiqamətlərdə fəaliyyət həyata keçirilir.
Son olaraq onu da məruzə etmək istərdim ki, qeyd etdiyiniz həmin vahid metodologiyanın tətbiqində bizə dəstək verən xarici məsləhətçilərin yanvar ayında səfəri nəzərdə tutulub. Mütəmadi olaraq diqqətinizə müvafiq məruzələri edəcəyik”, - deyə o, qeyd edib.