Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Azərbaycan ordusu Ermənistan sərhədini keçərək Sünik və ya Zəngəzur rayonundakı Sevliç - Qaragöl - ərazisi boyunca 3.5 kilometr irəliləyib.
Azərbaycan Xarici İşlər Nazirliyi bu gün gecə saatlarında yaydığı bəyanatda deyir ki, ''Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir''.
XİN bildirib ki, sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında ''sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır''.
FED.az biznes və maliyyə xəbərləri portalı "BBC News Azərbaycanca"ya istinadən xəbər verir ki, bununla bağlı Ermənistanda dünən gecədən bəri ikinci dəfədir ki, Təhlükəsizlik Şurasının iclası keçirilib.
Ermənistanın yüksək rütbəli, eləcə də, hadisənin baş verdiyi regiondakı yerli hakimiyyət nümayəndələri Azərbaycan ordusunun Ermənistan ərazisinə keçməsi barədə məlumatlar yayıb.
Ermənistan Xarici İşlər Nazirliyi Twitter hesabında yazıb ki, ölkənin Kollektiv Təhlükəsizlik və Əməkdaşlıq təşkilatındakı nümayəndəsi Viktor Biyaqov son vəziyyət barədə məlumatları təşkilata təqdim edib və hər hansı hərbi hərəkətlər baş verərsə, bunun ''məsuliyyətinin Azərbaycanın üzərinə düşdüyünü'' vurğulayıb.
"Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik. Bu kimi hallar hər iki tərəfdən hərbçilər arasında qarşılıqlı təmaslar vasitəsilə müzakirə olunaraq, həll oluna bilər və olunmalıdır'', bunu isə Azərbaycan XIN bildirib.
Lavrov Bakıda və ''İlham Əliyevin məyusluğu''
Ermənistan rəsmiləri bildirilər ki, Azərbaycan Sünik ərazisindəki 30 faizi sərhədin Azərbaycan tərəfində yerləşən Sevliç (Qaragöl) gölünü tamamilə öz nəzarəti altına almaq istəyir və bunu "sərhədi dəqiqləşdirmək bəhanəsi'' altında edir.
Bəzi təhlilçilərə görə isə, Azərbaycan ötən ilki 44 günlük müharibədən sonra əldə edilmiş razılaşmaya Ermənistanın əməl etməməsindən məyus olduğu üçün' bu addımı atıb.
Razılaşmanın 9-cu bəndinə görə, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikasına birləşdirən və Ermənistan ərazisindən keçən quru yolu Azərbaycanın istifadəsinə verilməlidir.
Bu hadisə Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Yerevan və Bakıya səfərindən bir neçə gün, Bakıda ''10 noyabr razılaşmasına əməl olunmalıdır'' deyə bəyan etməsindən bir gün sonraya təsadüf edir. Bəzi erməni Twitter istifadəçilərinin fikrincə, Lavrov sanki Ermənistana əmr üslubunda ''sərhədləri aç'' deyir.
Lavrov həmçinin jurnalistlərə deyib ki, ''ərazidəki iqtisadi münasibətlərin bərpası Cənubi Qafqazın inkişafına təkan verəcək".
Onun nəzərdə tutduğu ərazidə iqtisadi münasibətlərin bərpası isə Azərbaycan-Naxçıvan yolu açılmadan mümkün görünmür.
Bu gün xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov sərhəddəki gərginliyi müzakirə edib, Azərbaycan XİN bu barədə məlumat yayıb.
''Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər'', bəyanatda deyilir.
''Bakı çalışır, Rusiyaya təzyiq etsin ki, o, Ermənistanı Moskvanın vasitəçiliyi ilə ötən ilin noyabrında əldə olunmuş mübahisəli Dağlı Qarabağ və ətraf rayonlar üstündə Azərbaycanla Ermənistan arasında altı həftəlik müharibəyə son qoymuş atəşkəs sazişində edilmiş öhdəliklərin yerinə yetirilməsini sürətləndirməyə məcbur etsin'', Berlində yerləşən bneIntellinews saytı Sünikdəki son hadisələr barədə yazır.
''Azərbaycan Prezidenti İlham Əliyev son həftələrdə Azərbaycandan Ermənistan ərazisindən keçərək Azərbaycanın Naxçıvan eksklavına uzanacaq quru dəhlizi kimi məsələlərdə irəliləyişin ləngiməsindən nəzərəçarpan dərəcədə məyus olduğunu göstərib. Bakının yaxın müttəfiqi Türkiyənin də, onun iqtisadi və geosiyasi ambisiyaları nəzərə alınaraq, bu dəhlizin gerçəkləşməsində çox maraqlı olduğu görünür'', saytın təhlilində deyilir.
ŞƏKLİN MƏNBƏYİ,TASS/GETTY IMAGES - Şəklin alt yazısı, Bölgədəki Qoris şəhəri yaxınlığında dağlıq ərazidən keçən yol
Prezident İlham Əliyev Zəngəzur dəhlizi məsələsinin 10 noyabr tarixli Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladıqları Üçtərəfli Bəyanata salınmasını "tarixi nailiyyət" və ''böyük siyasi qələbə'' hesab etdiyini bəyan edib.
''Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır," - İlham Əliyev bu ilin mart ayında deyib.
"Təkcə xəritə məsələsi deyil"
Siyasi şərhçi Fuad Şahbazov deyir ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan 10 noyabr atəşkəs müqaviləsindən sonra həm Qazax rayonundakı ərazilər, həm də sərhədlərin demarkasiyası məsələsi sırf Sovet dövrünün xəritələrinə görə aparılmalı idi.
BBC News Azərbaycancaya danışan şərhçi Azərbaycanın irəlilədiyi deyilən ərazinin əslində Azərbaycan SSRİ-nin tərkibində olduğunu qeyd edib.
"O xəritəyə əsasən həmin Zəngəzur, yəni Sünik bölgəsinin müəyyən bir hissəsi Azərbaycan SSRİ-nin tərkibində idi, lakin 90-cı il hadisələrindən sonra Ermənistan tərəfi müəyyən qədər irəliləyərək bu əraziləri öz ərazisinə qatıb. Bu məsələ heç vaxt xüsusi qabardılmırdı, çünki əsas maraq dairəsi daha çox Dağlıq Qarabağ ərazisi idi. Amma indi Azərbaycan tərəfinin əsas iddiası odur ki, Sovet ərazi vahidinə əsasən, Azərbaycanın irəlilədiyi ərazilər Azərbaycan SSRİ-nin tərkibində olub".
Fuad Şahbazovun fikrincə, məsələ təkcə "xəritə məsələsi deyil" və irəliləndiyi deyilən ərazilər hündürlüklər olduğuna görə "strateji əhəmiyyət" daşıyır.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədindəki hündürlüklərə nəzarət əsas məsələ olduğuna görə Azərbaycan bu əraziyə nəzarəti əlində saxlamaqda maraqlıdır.
10 noyabr razılaşmasında ''bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası'' nəzərdə tutulur.
''Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir'', Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın imzaladığı bəyanatın son bəndində deyilir.
ŞƏKLİN MƏNBƏYİ,SERGEI MALGAVKO/GETTY IMAGES Şəklin alt yazısı, Sünik vilayəti
Reaksiyalar
Rusiya hələ ki, bu hadisələrlə bağlı reaksiya verməyib. Twitterin bir çox erməni istifadəçiləri isə Ermənistanın hazırkı siyasi hakimiyyəti zəiflikdə ittiham ediblər.
Gün boyunca döyüş təyyarələrinin Yerevan üzərində uçuşlar etdiyi barədə məlumatlar var.
Keçmiş millət vəkili, Ermənistanda Beynəlxalq İnsan İnkişafı Mərkəzi qeyri-hökumət təşkilatının rəhbəri Tevan Poğosyanın sözlərinə görə, Azərbaycan tərəfindən daha əvvəl də bu ərazilərə iddia edildiyi bəyan olunub.
Poğosyan BBC Azərbaycancanın müxbiri ilə söhbətdə həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin öz çıxışlarında Ermənistan ərazilərini "tarixi Azərbaycan əraziləri kimi" dilə gətirdiyini xatırladıb: "İlham Əliyev hər gün deyir: Zəngəzur da bizimdir, Yerevan da bizimdir... və onları qəsb etmək niyyətini gizlətmir".
"İndi isə onlar müharibədən sonra öz mövqelərini yaxşılaşdırıb, hər an belə provokasiyalar edəcəklər. Bir halda ki, mövcud Ermənistan hökuməti məğlub olub , Azərbaycan bu fürsətdən də istifadə edir", - Tevan Poğosyan deyir.
Erməni diasporasına yaxın konqresmen Adam Schiff sosial mediada yazıb ki, o bu barədə Biden adminstrasiyası ilə danışıb və onları Minsk Qrupu vasitəsilə bu məsələ ilə məşğul olmağa çağırıb. O hesab edir ki, Azərbaycan ABŞ Dövlət Departamentinin Azərbaycana birbaşa hərbi yardım etməsindən daha da cəsarətlənib.
Digər bir Respublikaçı konqresmen Frank Pallone isə Azərbaycanın ''Ermənistanı girdiyini'' iddia edib.
Paylaşımın sonu Twitter, 1
Rep. Frank Pallone (@FrankPallone): "Azərbaycan indi beynəlxalq hüququ açıq şəkildə pozaraq Ermənistana daxil olub. ABŞ bu hücumu birmənalı şəkildə pisləməli və Azərbaycan qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasına nail olmaq üçün müttəfiqlərə təsirindən istifadə etməlidir."
FED.az əlavə edir ki, bir qədər əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.
Məlumatda deyilir ki, bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur. Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir.
12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.
Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik. Bu kimi hallar hər iki tərəfdən hərbçilər arasında qarşılıqlı təmaslar vasitəsilə müzakirə olunaraq, həll oluna bilər və olunmalıdır.
Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır.