2017-ci ilin dekabr ayından başlayaraq AzTV-nin teleqülləsinin cənub hissəsində baş verən böyük sürüşmə nəticəsində köçürülən 100-ə yaxın ailə ilə bağlı artıq qərar verilməlidir.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dekabrdan başlayan və iki ay davam edən sürüşmə 2018-ci il fevralın 11-də böyük yarğanlar əmələ gətirdi. Ardınca isə torpaq kütləsi evlərə doğru hərəkət edərək 6 fərdi yaşayış evini uçurdu. Həmin zaman Nazirlər Kabineti evi torpağın altında qalan 6 ailəyə kompensasiya ödədi. Təhlükəsizlik məqsədilə ərazidən köçürülən 98 ailəyə isə aylıq kirayə haqqı verildi. NK-nın qərarı ilə onlara veriləcək kirayə haqqının müddəti 11 ay müəyyən edilib. 2019-cu il fevralın 1-də həmin müddət başa çatdı və artıq bu aydan etibarən ailələrə kirayə pulu ödənilməyəcək.
Bəs onların taleyi necə olacaq?
Bu məsələyə Nazirlər Kabineti qərar verməlidir, lakin 11 ay ötsə də, hər hansı kompromisə gəlinməyib. Sakinlər öz evlərinəmi qayıdacaq, yoxsa kompensasiya veriləcək? Bu məsələyə isə Ekologiya və Təbbi Sərvətlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi rəy verməlidir. Lakin 2018-ci ilin noyabr ayından başlayaraq Bakının Badamdar, Bayıl, Zığ qəsəbələrində baş verən böyük sürüşmələr bu işin təhlükəliliyini daha da artırdı. Belə olan halda 98 ailəyə kompensasiya verilməli olacaq.
Əldə etdiyimiz məlumata görə, sürüşmə ərazisindən köçürülən 98 ailədən təxminən 30-i məcburi köçkündür. Onlara isə məcburi köçkünlər üçün nəzərdə tutulan binalardan mənzil verilməsi gözlənilir.
Lakin burada da bir problem ortaya çıxıb, bundan öncə köçürülən 6 ailədən ikisi məcburi köçkün olub. Hazırda kirayədə qalan digər köçkün ailələr də buna əsaslanıb onlara mənzil yox, kompensasiya verilməsini istəyir.
Qəsəbə sakini və evindən köçürülən Ramiz Bayramov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onlara hələ də konkret bir qərar barədə məlumat verilməyib: “Sonuncu dəfə dekabrın kirayə haqqını almışıq. Bu günlərdə də yanvarla fevralı bir yerdə verəcəklər. Dedilər kirayə haqqının müddətini iki ay da artırırıq. Çünki orada problemlər çoxdur və yekun qərara gələ bilmirlər. Kompensasiya verilən 6 ailəyə evin kvadratını 700 manatdan hesablayıblar. İndi isə rəsmilər peşman olublar və deyirlər ki, 700 manat çoxdur. Həm də etiraf edirlər ki, 6 nəfərə hansı qiymətdən veriblərsə, digərlərinə də eyni məbləğ hesablanmalıdır. Onu isə vermək istəmirlər. Bizim evlərimizə qayıtmağımızdan isə söhbət gedə bilməz. Mənim evim yuxarı hissədə yerləşir, biz köçürüləndən sonra arabir yenə də xırda çatlar əmələ gəlib”.
R.Bayramov əlavə edib ki, evləri uçurumdan kənarda yerləşən ailələrin əksəriyyəti artıq öz evinə qayıdıb.