Yeni il bayramının başa çatması və iş günlərinin başlanmasından sonra vergi qanunvericiliyində baş verən dəyişikliklər Azərbaycan ictimaiyyəti arasında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Dolaşan söz-söhbətlərin çoxu reallıqdan uzaqdır. Ancaq demək olar ki, hər yerdə - sosial şəbəkələrdə, mağazalarda, ictimai nəqliyyatda müzakirə olunur.
FED.az xəbər verir ki, insanlar bu mövzuda məlumatsız olduqları halda, onun müzakirəsini aparırlar. Məsələ ondadır ki, islahatlar paketində çoxlu qəliz iqtisadi terminlər və nüanslar var. Müvafiq bilgisi olmayan insan üçün onları anlamaq çox çətindir.
Bəziləri deyir, vergilər qalxır, digərləri bunun əksini deyir. Hərçənd üçüncü kateqoriyaya aid insanlar da var; onlar cəmiyyətdə çaşqınlıq yaradan fikirlər yayırlar, hazırkı vergi islahatlarının guya vətəndaşların “ciblərini boşaltmaq” məqsədi daşıdığını iddia edirlər.
Əslində, vergi islahatlarının əsas nəticəsi əhalinin vergi yükünün azalması olacaq. Dəyişikliklərin 2019-cu ildə dövlət büdcəsinə daxil olan vəsaitlərin ixtisarına səbəb olacağına baxmayaraq, dövlət bu addıma gedib.
Eləcə də bax: Istehlak vergilərində - ƏSAS PROBLEM
Ümumilikdə, ölkənin Vergi Məcəlləsinə 240-dan çox dəyişiklik edilib. Bu dəyişikliklər beş istiqaməti özündə birləşdirir:
Sahibkarlığa dəstək;
İqtisadi şəffaflığın təmin olunması və iqtisadiyyatda “kölgə” sektorunun payının azaldılması;
Vergi tutumu bazasının genişləndirilməsi;
Vergi nəzarətinin mükəməlləşdirilməsi;
Sahibkarlar üçün güzəşt və azadolunmaların effektivliyinin artırılması.
“Vergi sahəsində aparılan islahatlar vergi yükünün artırılmasını nəzərdə tutmur, əhaliyə vergi ödənişi mədəniyyətinin aşılanmasına yönəlib. Belə ki, vergi islahatları və gəlir vergisindən azad edilmə 2019-cu ildə dövlət büdcəsindən daxil olan vəsaitlərin 316 milyon manata qədər azalmasına gətirib çıxaracaq.
Ölkədə aparılan vergi islahatının başlıca məqsədlərindən biri mikroiqtisadiyyata və kiçik biznesin inkişafına təkan verməkdir. Sadələşdirilmiş vahid vergi məbləğinin 2%-ə endirilməsi (bu vaxta qədər Bakı ərazisində fəaliyyətə görə 4% sadələşdirilmiş vergi tutulurdu) ilə bağlı qərar məhz buna xidmət edəcək”, - deyə iqtisadi ekspert Fuad Əlizadə izah edir.
Dövlət kiçik biznesin inkişafı üçün əlverişli şərait yaradan zaman sahibkarlar tərəfindən vergi güzəştləri ilə bağlı sui-istifadə hallarına yol verilməməsi üçün bir sıra konkret addımlar atıb.
Ondan başlayaq ki, Vergi Məcəlləsində aparılan son dəyişikliklər çərçivəsində sadələşdirilmiş vergi ödəyicisi statusuna malik şəxslərin halqası daralıb.
Xüsusilə, sözügedən status bundan sonra hüquqi şəxslərə xidmət göstərən vergi ödəyicilərinə, həmçinin, qızıl, qızıl məmulatları, almaz və ya dəri və xəz məmulatlarının alqı-satqısı ilə məşğul olan sahibkarlara şamil olunmayacaq. Həmçinin, lisenziya əsasında (tikinti sahəsini çıxmaq şərtilə) fəaliyyət göstərən şəxslər artıq sadələşdirilmiş vergi ödəmək məcburiyyətində olmayacaq.
Biznesin dörd kateqoriyası
Fuad Əlizadənin sözlərinə görə, sahibkarlıq fəaliyyətinin aparılması üçün “cənnət şəraiti” ilk növbədə mikrobiznes üçün yaradılıb.
Məsələ ondadır ki, yeni meyarlara görə, Azərbaycanda biznes üç deyil, dörd kateqoriyaya bölünür: iri, orta, kiçik və yeni əlavə olunan anlayış - mikrobiznes.
“Nazirlər Kabinetinin qərarına əsasən, mikrobiznesə ştatında 1-dən 10-a kimi işçisi olan və illik gəlirləri 200 min manatdan çox olmayan müəssisələr aiddir. Kiçik müəssisələr – ştatında 11-dən 50-ə kimi işçisi olan və illik gəlirləri 200 min manatdan 3 milyon manata qədər olan şirkətlər daxildir. Orta müəssisələr kateqoriyasına ştatında 51-dən 250-yə qədər işçi olan və illik gəlirləri 3 milyondan 30 milyon manata qədər olan müəssisələr aiddir.
Nəhayət, iri müəssisələr ştatında 250-dən çox işçisi olan və illik gəlirləri 30 milyon manatı üstələyən müəssisələr hesab olunur.
Vergi Məcəlləsində aparılan dəyişikliklərə əsasən, sahibkarlar kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrində (KOSSVR) qeydiyyata alındıqları andan yeddi il müddətinə gəlir, torpaq və mənfəət vergisindən azad ediləcək. Bundan başqa, KOSSVR seqmentinin “startap”ları üç il müddətinə vergi və mənfəət vergisindən azad olunacaqlar.
Mikrobiznesə gəlincə, bu kateqoriyaya daxil olan vergi ödəyiciləri vergi ilə bağlı müəyyən güzəştlər əldə edəcək. Söhbət ondan gedir ki, daxil olan gəlirlərin 75%-i vergidən azad olunacaq; biznesmenin yalnız yerdə qalan 25% gəlirindən 20% gəlir tutulacaq.
Bərbərlər, ofisiantlar, dərzilər...
Yanvarın 1-dən (2019-cu il) etibarən sabit məbləğdə vergi ödəyən vergi ödəyicilərinin siyahısına (dayə və mürəbbiyə xidmətləri göstərən ev işçiləri, xadim və xadimələr, repetitorlar, bağbanlar, aşpazlar və mühafizəçilər) dərzilər, ofisiantlar və bərbərlər əlavə olunub. Sonuncuların siyahıya “onları soymaq” məqsədilə əlavə olunduğunu düşünmək düzgün deyil.
Belə ki, bu peşələrin nümayəndələri (özlərinə muzdlu işçilər götürməyəcəkləri təqdirdə) müvafiq sahələrdə fəaliyyət üçün bir ay, bir rüb, yarım il və ya bir il müddətinə xüsusi icazələr əldə etməli və vergi qurumunun tələbi ilə sabit verginin ödənilməsi haqqında qəbz təqdim etməli olacaq. Onlar hər hansı hesabat verməli olmayacaqlar.
Bu kateqoriyaya aid fiziki şəxslərdən tutulan sabit vergi – bərbərlər üçün 15 manat, dərzilər və ofisiantlar üçün 10 manat təşkil edəcək. Toy və şənlik aparıcıları (tamadaları), musiqiçilər, rəqqaslar, aşıqlar, foto və videoçəkiliş aparan şəxslər nisbətən daha yüksək məbləğdə sabit vergi – 30 manat ödəyəcək.
Xidmətlərin göstəriləcəyi yerdən asılı olaraq, vergi haqqının hesablanmasında əmsallar da tətbiq olunacaq: Bakı (o cümlədən, paytaxt qəsəbələrində) – 2.0 ; Gəncə, Sumqayıt və Xırdalanda – 1,5; Abşeron rayonunun kənd və qəsəbələrində (Xırdalan şəhərini çıxmaq şərtilə), Şirvanda, Mingəçevirdə, Naxçıvanda, Lənkəranda, Yevlaxda, Şəkidə, Naftalanda – 1.0, digər rayonlarda (şəhərlərdə) və qəsəbələrdə (kəndlərdə) – 0.5.
“Məsələn, Bakıda işləyən bərbər 30 manat məbləğində, dərzi və ofisiantlar isə 20 manat məbləğində vergi ödəyəcək. Müvafiq olaraq Gəncədə fəaliyyət göstərən bərbər 22,5 manat, Abşeron rayonunun Masazır qəsəbəsində 15, Bərdə rayonunun Xan Ərəb kəndində 7,5 manat vergi verəcək”, - deyə ekspert bildirib.
Maraqlıdır, görəsən, bərbərlər, ofisiantlar və dərzilərin bu dəyişikliklərdən xəbəri varmı?
Gənc bərbər Amil Əliyevin sözlərinə görə, Bakının Yasamal rayonunda fəaliyyət göstərən bərbərxanalardan birində dörd ildir ki, bərbər işləyir. Vergi Məcəlləsində baş verən dəyişiklik haqqında radiodan xəbər tutub.
“Bildiyim qədərilə, bu dəyişikliklər ilk növbədə uzun müddət vergidən yayınmış milyonçulara toxunacaq. Sadə vətəndaşlara gəlincə, dəyişikliklər maddi baxımdan onların xeyrinə olacaq. Məsələn, biz bərbərlərdən sabit vergi toplanacaq. Mən, deyək ki, müştəri sayından asılı olaraq, hər ay 50-60 manat vergi ödəyirdimsə, indi mənim aya 100 müştərim olsa da, 30 manat ödəyəcəyəm. Bu, əvvəlki məbləğdən iki dəfə azdır”, - deyə Amil bildirib.
Gəlir vergisi və sosial sığorta
Əlbəttə, qeyri-neft sektorunda çalışan və aylıq gəlirləri səkkiz min manatdan aşağı olan işçilərin yeddi il müddətinə gəlir vergisindən azad edilməsi inqilabi bir dəyişiklik oldu. Aylıq gəliri qeyd olunan məbləğdən yuxarı olan vergi ödəyiciləri üçün isə vergi 14% səviyyəsində təsbit olunub.
Xatırladaq ki, bundan əvvəl 2500 manata qədər qazanc əldə edənlər 14 faiz, 2500-dən çox gəliri olanlar isə 25 faiz vergi ödəyirdi.
Bundan savayı, əmək müqaviləsi əsasında məcburi dövlət sosial sığortası üzrə ödənişlərin əsas yükü sahibkarların çiyninə düşürdü. Bu məsələ də dəyişikliklərdə diqqətdən kənarda qalmayıb.
Belə ki, dəyişikliklərə əsasən, işçinin aylıq əməkhaqqı 200 manat təşkil edəcəyi halda, məcburi dövlət sosial sığorta ayırmaları cari səviyyədə qalacaq: maaşının 3%-ni işçi, 22%-i işəgötürən ödəyir. Ancaq işçinin aldığı əməkhaqqı 200 manatdan çox olarsa, o zaman işçi 6 manat və 200 manatdan artıq məbləğin 10%-i miqdarında sosial sığorta haqqı ödəyəcək. Bu halda işəgötürən 44 manat və 200 manatdan artıq məbləğin 15%-i miqdarında sığorta haqqı ödəyəcək.
Bu dəyişikliklər özəl sektorda çalışan (neft-qaz sahəsinə aid olmayan) işçilərə şamil olunur. Yeri gəlmişkən, məcburi sosial sığorta və işsizlikdən sığorta ödənişlərinə nəzarəti Vergilər Nazirliyi öz üzərinə götürəcək.
Gözlənilən effekt
“Həyata keçirilən vergi islahatları işgüzar dairələrin “kölgədə qalan” əhəmiyyətli hissəsinin üzə çımasına vasitəçilik edəcək. Düzdür, cari vergi islahatlarından ilkin mərhələdə büdcə maddi ziyan görəcək, lakin sonda vergitutumu bazasının genişlənməsi və kölgə iqtisadiyyatının ixtisarı hesabına büdcəyə qeyri-neft sektorundan daxil olan vəsaitlərin həcmi artacaq. Bu isə öz növbəsində təqaüd və cəmiyyətin həssas təbəqəsi üçün nəzərdə tutulan müxtəlif sosial müavinətlərin qaldırılması hesabına Azərbaycan vətəndaşlarının rifahının əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək”, - deyə ekspert Fuad Əlizadə bildirib.
Vergi islahatlarının effektiv olacağı ilə bağlı fikrə biznesmen və iqtisadi analitiki Rahib Şükürov da qüvvət verib.
Onun sözlərinə görə, aparılan dəyişikliklər ümumilikdə əhalinin və kiçik-orta biznes müəssisələrinin iqtisadi təhlükəsizliyini təmin etməlidir.
“Bu, əvvəllər əhalinin gözündən düşmüş vergi sisteminə insanların etibarını qaytara bilər. 2018-ci ilin birinci yarısının yekunlarına dair Vergilər Nazirliyinin verdiyi hesabatı misal göstərmək kifayət edər. Həmin vaxt qurum planın 110 faiz civarında yerinə yetirildiyini bəyan etmişdi. Heç bir inkişaf etmiş ölkədə belə bir göstərici yoxdur.
Bu gün yeni nazir Mikayıl Cabbarov əhalinin vergi orqanlarına olan etibarını bərpa etmək üçün əlindən gələni edir. 9 oktyabr 2018-ci ildə Nazirlər Kabinetinin iclasında arzuolunan nəticələrə nail olmaq üçün prezident İlham Əliyevə müraciət edərək, yardım istəməsi bunun bariz nümunəsidir.
Bildiyiniz kimi, dövlət başçısı dəfələrlə belə məsələlərdə öz iradəsini ortaya qoyub. Buna “ASAN xidmət” kimi möhtəşəm layihəni və Aprel müharibəsini misal göstərmək olar. Hər iki misalda İlham Əliyev ən yüksək uğura nail olub – bu gün “ASAN xidmət” bir Azərbaycan brendinə çevrilib və “korrupsiya” sözünün antonimidir. Aprel döyüşlərinə gəlincə, Ermənistan Azərbaycan ordusunun gücünü və qüdrətini gördü, geniş ərazilər Ermənistan işğalından azad edildi”, - deyə Oxu.Az-ın müsahibi bildirib.
R.Şükürov onu da əlavə edib ki, son 10 ilə nəzər salsaq, bu vaxta qədər dünyanın heç bir ölkəsində belə genişmiqyaslı vergi islahatları aparılmayıb. Genişliyinə görə onu yalnız ABŞ-da Ronald Reyqanın hakimiyyəti dövründə aparılan vergi islahatları ilə müqayisə etmək olar.
Sonda xatırlatmaq istərdik ki, Azərbaycan hələ cari vergi islahatlarından əvvəl “Paying Taxes 2019” vergi yığımı reytinqinə görə 28-ci yerdə göstərilib.
Reytinq cədvəlini PwC iri konsaltinq şirkətinin mütəxəssisləri Dünya Bankının əməkdaşlığı ilə tərtib edib. Azərbaycan öncəki illə müqayisədə birdən-birə yeddi pillə irəliləyib. Azərbaycanın bu istiqamətdəki göstəriciləri Rusiya (53), Qazaxıstan (56), Ermənistan (82) və digər ölkələrdə olduğundan daha yüksəkdir.
Ümid edək ki, aparılan islahatlar sayəsində bizim ölkə yaxın illərdə həmin reytinqdə aparıcı yerləri tutacaq.