Azərbaycanda Mülki Məcəlləyə yeni dəyişikliklər qüvvəyə minib. FED.az xəbər verir ki, dəyişikliklər şirkətlərin idarə olunması, idarəçi-payçı münasibətləri ilə bağlıdır və bu sahədə yeni tələbləri müəyyən edib.
Belə ki, Məcəlləyə edilən dəyişikliyə görə, şirkətin idarəçisi payçılara ziyan vuran müqavilə bağladıqda məsuliyyət daşıyacaq. İndiyədək bu tələb yalnız ədalətsiz əqdlərin bağlanmasını əhatə edirdi, indi isə idarəçinin məsuliyyəti daha da dəqiqləşdirilib.
Eləcə də bax: Biznes üçün maliyyədən öncə lazım olanlar – ARAŞDIRMA
Məcəlləyə dəyişikliyə görə, kiçik payçıların şirkət rəhbərliyindən sənədləri tələb etməsi çətinləşlirilib. Bu, məcəllənin 49.6-cı maddəsinə edilən dəyişikliklə bağlıdır. Həmin maddəyə görə, indiyədək şirkətin idarəçiliyi ilə bağlı əsaslı şübhələr olanda şirkətdə azı 5 faiz payı olan şəxslər şirkətin rəhbərliyindən lazım olan sənədlərə və ya məlumatlara baxmaq üçün onları tələb edə bilərdi, indi isə bunu yalnız 10%-dən artıq payı olanlar edə biləcək.
Digər maraqlı yeniliklər şirkətin ümumi yığıncağının keçirilməsi ilə bağlıdır. Məcəllənin 91-ci maddəsinə edilən dəyişikliklərə əsasən, Şirkətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçılar iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.
Ümumi yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.
Bu dəfə də yetərsay olmadıqda, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Bu halda cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə yığıncaq səlahiyyətlidir.
Məcəlləyə edilən digər yeniliyə görə, MMC-nin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir.
Və Cəmiyyətin paylarının əlli faizini və daha çox hissəsini almaq istəyən şəxs bütün iştirakçılara rəsmi qaydada müvafiq təklif təqdim etməlidir.