Fed.az-ın məlumatına görə, 2019-cu il üçün nəzərə tutulan büdcə zərfinə görə, dövlət borclarının qaytarılması üçün 2 334,8 milyon manat ayrılıb.
ELƏCƏ DƏ BAX: 7 illik vergi güzəşti gəlir - YENİLİK
Bu, 2018-ci illə müqayisədə 72 milyon manat, yaxud 3,2% çoxdur.
Xarici borcumuz nə qədərdir?
Bu xərclərin yalnız 172,6 milyon manat hissəsini daxili dövlət borcuna xidmət xərcləri, 2 162,2 milyon manatının isə xarici dövlət borcuna xidmət xərcləri təşkil edir.
Qeyd edək ki, bu gün xarici borcun 35,5%-i xarici valyuta ilə dövlət qiymətli kağızlarında saxlanır, önəmli hissə olan 58,6% isə bilavasitə hökumətin cəlb etdiyi kreditlərdir və 5,9% isə şərti öhdəliklərdir.
Azərbaycanın dövlət borcunun sürətlə artması məhz 2017-ci ilin sonuna təsadüf edir, əvvəlki 2016-cı illə müqayisədə, təxminən, 35,9% çoxdur. Bunun da obyektiv səbəbləri var, çünki bir neçə regional və yerli layihənin tamamlanması ilə bağlı xərclər ödənilib.
Məsələn, son illərdə “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilməsi üçün 3,2 milyard dollar həcmində xarici maliyyə resursu cəlb edilib, “Azərenerji” ASC 928,2 milyon dollar, “Azərbaycan Dəmir Yolları” QSC 478,99 milyon dollar, ARDNŞ - 460,6 milyon dollar, digər dövlət şirkətləri isə 778,3 milyon dollar xarici borc alıblar.
Nəticədə, Azərbaycan hökuməti 2015-2016-cı illərdə dünya bazarlarında neftin qiymətinin aşağı olması səbəbindən yaranmış əlverişsiz xarici konyunktura baxmayaraq, bütün strateji layihələrdə xarici tərəfdaşlar qarşısında götürdüyü maliyyə öhdəliklərini tam yerinə yetirib.
Dövlət zəmanəti altında götürülmüş xarici kreditlər Azərbaycan iqtisadiyyatının real sektoruna yönəldilib ki, bu da son nəticədə Azərbaycan iqtisadiyyatının artım templərinin yüksəlməsinə səbəb olacaq.
Xarici dövlətlərin bizə olan borcu nə qədərdir?
Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlərdən 2019-cu ildə dövlət büdcəsinə 69 milyon 148 min manat daxil olacaq. Hazırda Serbiya, Belarus və Gürcüstanın Azərbaycan Respublikası Hökuməti tərəfindən verilmiş kreditlər üzrə borc öhdəliyi var. 1 iyul 2018-ci il tarixinə Serbiyanın 234 milyon 418 min avro, Belarusun 30 milyon 771 min ABŞ dolları, Gürcüstanın isə 8 milyon 346 min ABŞ dolları məbləğində Azərbaycan Hökumətinə qalıq borcu mövcuddur.
Məlumat üçün qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsində Azərbaycanın verdiyi borclar üzrə daxilolmalarının həcmi 68 milyon 529 min manat göstərilib.
Proqnozlara görə, xarici dövlətlər Azərbaycana olan borclarını ödəməkdə davam edəcəklər və 2022-ci ilə qədər bu aşağıdakı həcmdə olacaq: 2020-ci ildə 67 milyon 594 min manat, 2021-ci ildə 65 milyon 348 min manat və 2022-ci ildə 62 milyon 631 min manat.
Strateji məqsəd
Dövlət borcunun idarə edilməsi üzrə strategiyaya görə, Azərbaycan hökuməti səkkiz il (2018-2025-ci illər) ərzində 2,075 milyard dollar xarici borc cəlb etməyi planlaşdırır ki, bu, təkcə 2017-ci ildə alınmış vəsaitlərdən azdır.
“Qeyri-sabit neft qiymətləri və bununla bağlı Azərbaycanın icmal büdcəsinin gəlirlərinin azalması xarici valyutada yeni borc öhdəliklərinin yaranmasına daha çox diqqət etməyi tələb edir. Buna görə də bu və sonrakı illərdə yalnız prioritet layihələrə kreditlər cəlb etmək planlaşdırılır”, - deyə strategiyada vurğulanır.
Beləliklə, hökumətin proqnozlarına görə, 2019-cu ildə xarici borc 10,1 milyard dollara bərabər zirvəyə çatdıqdan sonra 2025-ci ilin yekunlarında 6,5 milyard dollara düşəcək.
ELƏCƏ DƏ BAX: Azərbaycandakı milyonçular niyə rəsmi qeydiyyata alınmır?