Gürcüstan Kulevi neft emalı zavodu Avropa Birliyinin sanksiyaları və təhdidlərinə görə Rusiya neftindən istifadəni dayandıracaq.
FED.az xəbərn verir ki, Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi sonuncu sanksiya paketi rusiyanın neft sektoru üçün olduqca ciddi problemlər yaratmağa başlayıb.
Sanksiyalar səbəbindən Rusiya neftinin əsas alıcılarından biri - Gürcüstanın Kulevi limanında neft emalı zavodu Rusiya neftindən imtina edəcək.
Zavodun sahibi olan Black Sea Petroleum (BSP) şirkəti elan edib ki, Avropa İttifaqı sanksiyaları səbəbindən avqustun sonu və ya sentyabrın əvvəlində Rusiya neftinin emalını tamamilə dayandıracaq. Bu barədə BSP Müşahidə Şurasının üzvü Vaxtanq Çaxnaşvili Gürcüstanın Pirveli televiziya kanalında bildirib.
Xatırladaq ki, iyulun 24-də Avropa Birliyi Gürcüstanın bu neft emalı zavoduna qarşı qabaqlayıcı sanksiyalar tətbiq etdi və əgər zavod Rusiya neftinin emalını dayandırmasa, bu sanksiyalar 2027-ci il yanvarın 25-də qüvvəyə minəcək.
Çaxnaşvili bildirib ki, BSP öz məhsullarını Avropa bazarlarına çıxmağı planlaşdırır və belə bir vəziyyətdə sanksiyalara görə, Rusiya neftini əvəz edəcək mənbəyə ehtiyacv var. Şirkət nümayəndəsi etiraf edib ki, əgər zavod Rusiya neftini idxal etməyə davam edərsə, mütləq AB sanksiyaları ilə üzləşəcək .
Şirkət rəhbəri Rusiya neftini necə əvəz edəcəyini açıqlamasa da, bunun üçün real namizədlərdən biri Azərbaycan neftidir.
Xatırladaq ki, İyulun 24-də Gürcüstan Xarici İşlər Nazirliyi Kulevi neft emalı zavoduna qarşı sanksiyalarla bağlı Avropa İttifaqına "təəssüfünü" bildirdi . Nazirlik qeyd etdi ki, Gürcüstanda Aİ-nin Rusiyaya qarşı sanksiyalarının pozulması ilə bağlı heç bir hal sənədləşdirilməyib.














