Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Quba, Qusar və Xaçmazda fəaliyyət göstərən təsərrüfat subyektlərinə təşkil etdiyi mediatur çərçivəsində media nümayəndələri meyvə bağları, aqroturizm və heyvandarlıq təsərrüfatları ilə tanış olublar.
FED.az xəbər verir ki, Milli Mətbuat Günü münasibətilə təşkil olunan mediaturun iştirakçılarına AKİA-nın kənd təsərrüfatı istehsalçılarına təqdim etdiyi əkin, məhsul, toxum, barama və heyvan subsidiyaları, eləcə də texnika və avadanlıqlar, müasir suvarma sistemləri, soyuducu anbar kompleksləri, damazlıq heyvan alışına güzəştli şərtlərlə dövlət dəstəyi mexanizmləri, o cümlədən bu dəstəklərdən yararlanan nümunəvi təsərrüfatlarda qurulan infrastruktur, əldə olunan real nəticələr və həyata keçiriləcək yeni layihələr barədə ətraflı məlumat verilib.
Mediatur iştirakçıları əvvəlcə Quba rayonunun 2-ci Nügədi kəndində aqroturizm xidmətləri göstərən "Kənd İnn" təsərrüfatında olub. Bu təsərrüfatda atçılıq, heyvandarlıq, quşçuluq, meyvəçilik, balıqçılıq, tərəvəzçilik və s. kənd təsərrüfatı fəaliyyətləri mövcuddur. Bununla yanaşı qonaqlar üçün bir sıra əyləncə və istirahət imkanları təklif edir. Əsas məqsəd gələn qonaqları kənd həyatı ilə yaxından tanış etmək və proseslərdə iştirak imkanı yaratmaqdır.
Qusar rayonunda fəaliyyət göstərən “Aqrovest” MMC ilə tanışlıq zamanı media nümayəndələrinə məlumat verilib ki, şirkətin şimal bölgəsində ümumilikdə 356 hektar meyvə bağları var. Bunların 170 hektarı alma, 43 hektarı armud, 67 hektarı gilas, 72 hektarı nektarin və şaftalı bağlarıdır.
Təsərrüfatın soyuducu anbar kompleksi 5 min ton məhsul saxlamağa imkan verir. Burada Avropanın tanınmış şirkətlərinin avadanlıqları quraşdırılıb. “Aqrovest”in meyvə tədarükü zəncirində becərmə, emal, qablaşdırma və təchizat əsas yer tutur.
Şirkətin baş aqronomu Arif Qədimli bildirib ki, hər il intensiv formada becərilən meyvə bağlarından 9 min tona yaxın məhsul toplanır. “Meyvə yığıldıqdan sonra soyuducu anbara yerləşdirilir. Burada ölçülərinə, keyfiyyətinə görə çeşidlənir və qablaşdırılır. Xarici bazardan məhsul üçün edilən təkliflər dəyərləndirilir. Bağlardan yığılan məhsul ən sərfəli təklif əsasında yerli və xarici bazarlarda müştərilərə satılır. Bağlardan toplanan məhsulun böyük hissəsi satış üçün Rusiya bazarlarına göndərilir. Məhsul göndərdiyimiz xarici bazarlar arasında Birləşmiş Ərəb Əmirlikləri də var”,- deyə Arif Qədimli söyləyib.
Şirkətin fəaliyyəti yerli əhalinin məşğulluğunu təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Qusardakı bağçılıq və soyuducu anbar kompleksində 250-dən çox yerli sakin daimi işlə təmin olunub. Məhsul yığımı dövründə isə əlavə 300-350 nəfər mövsümi işlə təmin edilir.
Bölgələrdə yaradılan çoxsaylı müasir iri meyvəçilik təsərrüfatlarının fəaliyyətə başlaması əhalinin məşğulluğunu təmin etməklə yanaşı, regionların potensialından düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Bu baxımdan məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır.
Daha sonra media nümayəndələri şimal bölgəsində 600 hektardan çox fındıq bağı olan “Agrarco” MMC-nin təsərrüfatları ilə tanış olublar. Müasir üsulla becərilən bu bağlarda fındığın ata-baba və İtaliyadan gətirilən sortları becərilir.
Şirkətin şimal regionu üzrə əməliyyatlar direktoru Şəmistan Novruzlu jurnalistlərə açıqlamasında bildirib ki, fəaliyyətlərində subsidiyalar, güzəştli kredit və aqrar kreditlər kimi dövlət dəstəklərindən faydalanırlar.
“Bağlarımızda innovativ yeniliklərdən istifadə edirik. Əsas məqsədimiz fındığın hər hektara düşən məhsuldarlığını artırmaq, həmçinin keyfiyyətli məhsulla xarici bazarda daha önə çıxmaqdır. Yığılan məhsullarımız daha çox Avropa bazarında satışa çıxarılır. Buna görə də xarici bazara uyğun sortlar becəririk”, -deyə şirkət təmsilçisi bildirib.
Günün sonunda mediatur iştirakçıları Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən ölkə üzrə yaradılmış ilk aqroparkda olublar.
"Yalama Aqropark" MMC-nin istehsal rəhbəri Eldar Kərəmov bildirib ki, müəssisənin illik ət istehsalı 110 ton, süd istehsalı isə 10 min ton təşkil edir.
“Hazırda aqroparkda 2500 baş simmental cins heyvan bəslənilir ki, onlardan 1400 başdan çoxu sağmal heyvandır. Bir inək üzrə gündəlik orta süd məhsuldarlığı 25-26 litrdir. Təsərrüfatımızda əsasən simental cinsindən olan ətlik-südlük istiqamətli heyvanlar yetişdirilir. Bu cinslər vaxtilə Avstriya və Almaniyadan gətirilib. Ümumilikdə 1850 hektar əkin sahəmiz var. Bunun 830 hektarında pivot suvarma sistemi tətbiq olunur. Əkinlər növbəli əkin prinsipi əsasında aparılır. Əsasən qarğıdalı, arpa və soya becərilir ki, bunlar da heyvandarlığın yem bazasının formalaşdırılmasına xidmət edir”,-deyə istehsal rəhbəri söyləyib.
Eldar Kərəmov bildirib ki, dövlət dəstəyi təsərrüfatın inkişafında mühüm rol oynayır. “Heyvanların alınmasına görə 60 faiz, ferma avadanlıqları, pivot suvarma sistemləri və digər texniki vasitələr üzrə isə 40 faiz subsidiya və güzəştlərdən yararlanmışıq. Bu dəstək iri təsərrüfatların fəaliyyətini genişləndirməsinə, istehsal gücünü artırmasına və yeni investisiyalar həyata keçirməsinə ciddi stimul verir”.
“Yalama Aqropark” həm təsərrüfatda saxlanılan heyvan sayı, həmçinin daimi işçi heyətinin sayına görə ölkə üzrə fəaliyyət göstərən ən iri heyvandarlıq təsərrüfatlarından biridir (Azertag).


























