Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əmanətləri üzrə sığorta limitinin artırılması istiqamətində müzakirələrin aparıldığını bildirib.
O, bu barədə "Milli Mətbuat Günü: Dialoq və Əməkdaşlıq Forumu"u zamanı FED.az biznes və maliyyə xəbərləri portalının sualını cavablandırarkən məlumat verib.
Direktor hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank əmanətləri üzrə kompensasiya limitinin 20 min manat olduğunu xatırladıb.
Azər Əmirov bildirib ki, bu istiqamətdə müxtəlif hesablamalar və təhlillər aparılır, beynəlxalq təcrübə öyrənilir:
"Bir sıra ölkələrdə fiziki şəxslər, sahibkarlar və hüquqi şəxslər üçün əmanətlərin yalnız müəyyən hissəsinin kompensasiya olunduğu modellər tətbiq edilir və gələcəkdə belə yanaşmaların qanunvericilik səviyyəsində nəzərdən keçirilməsi mümkündür. Fond bu məsələ ilə bağlı Mərkəzi Bankla müzakirələr aparır".
"Bununla yanaşı, hüquqi şəxslərin vəsaitlərinin sığortalanması həm sığorta haqlarının artmasına, həm də Fondun üzərinə düşən risklərin böyüməsinə səbəb ola bilər. Buna görə də hər hansı dəyişiklikdən əvvəl bütün risklər diqqətlə qiymətləndirilməlidir.
Hüquqi şəxslərin vəsaitlərinin tam şəkildə sığortalanması onların depozitlərdə daha çox vəsait saxlamasına stimul yarada bilər. Halbuki iqtisadiyyat baxımından həmin vəsaitlərin dövriyyədə olması daha məqsədəuyğun hesab edilə bilər.
Əmanətlərin sığortalanması sistemində mümkün dəyişikliklər yalnız kompleks iqtisadi təhlillərdən sonra həyata keçirilə bilər", - deyə o, əlavə edib.















