Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) oktyabrın 16-da keçirəcəyi özəlləşdirmə hərracına ümumilikdə 83 dövlət əmlakı çıxarılıb. FED.az xəbər verir ki, onlardan 20-si səhmdar cəmiyyəti, 13-ü kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi, 39-u isə avtomobildir. nəqliyyat vasitəsidir. Əmlakların qiyməti və sahəsi də müxtəlifdir.
Ucuz əmlakı haradan almaq olar?
Oktyabrın 16-da hərraca çıxarılan ən ucuz obyekt Lənkərandadır. Rayonun Sinovli kənd klubu 450 manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Onu alaraq öz biznesini qurmaq istəyənlər cəmi 45 manat beh ödəyərək hərraca qoşula bilərlər.
Münasib qiymətə satılan digər qeyri-yaşayış binası Mingəçevirdədir. Şəhərin N.Rəfibəyli küçəsi, 11 ünvanında yerləşən 1 mərtəbəli ayrı tikilini 2 min manata almaq olar. Sahəsi 17,4 kvadratmetr olan əmlakın hərracına qatılmaq üçün öncədən 200 manat beh ödəmək kifayətdir.
Münasib qiymətə əmlakları Bakıda da almaq olar. Belə ki, Nizami rayonunda yerləşən və sahəsi 26,1 kvadratmetr olan qeyri-yaşayış sahəsi 2 600 manata satılır. Rayonun Rüstəm Rüstəmov küçəsi, 48 ünvanındakı 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsini almaq üçün 260 manat beh ödəyərək hərracda iştirak etmək zəruridir.
Nizami rayonunda satışa çıxarılan digər qeyri-yaşayış sahəsi Ş.Mirzəyev küçəsi, 76a-da yerləşir. Sahəsi 18,5 kvadratmetr olan əmlak 5 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsini əhatə edir. İlkin satış qiyməti 4 min manat olan qeyri-yaşayış sahəsini almaq istəyənlər öncədən 400 manat beh ödəməlidirlər.
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 4-də yerləşən qeyri-yaşayış sahəsi isə 6 min manata satılır. 5 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsini (sahəsi 39 kvadratmetr) almaq üçün 600 manat beh ödəyərək hərraca qoşula bilərsiz.
İri əmlaklar daha bahadır
Hərraca 12 min manata, 30 min manata, 54 min manata, 60 min manata satılan əmlaklar da çıxarılıb. Sahəsi böyük olan obyektlərin qiyməti isə daha bahadır. Məsələn, Salyan rayonu, Peyk kəndindəki Yüksəliş yardımçı təsərrüfatı 1 milyon 127 min 250 manata təklif olunur. Obyektin faydalı sahəsi 14,8 kvadratmetr, özəlləşdiriləcək torpaq sahəsi isə 97, 5 hektardan artıqdır. Kənd təsərrüfatı sektorunda biznes qurmağa imkan verən əmlakı əldə etmək istəyənlər 112 min 725 manat beh ödəməklə hərracda iştirak edə bilərlər.
Bakının Qaradağ rayonu Puta qəsəbəsindəki Darayıcı sexin yarımçıq tikilisi isə 300 min manata satılır. Sahəsi 3,6 hektar olan obyekti almaq istəyən investorlar 30 min manat beh ödəyərək bu hərracda iştirak hüququ qazanacaqlar.
Qobustandakı taxıl qəbulu məntəqəsinin ilkin satış qiyməti 225 min manat müəyyən edilib. Bakı-Qazax avtomobil yolunun 91-ci kilometrliyində yerləşən əmlakın sahəsi 3,8 sot, torpaq sahəsi isə 2 hektara yaxındır. Məntəqəni almaq istəyən investorlar 22 min 500 manat beh ödəyərək bu hərraca qatıla bilərlər.
Bakının Xəzər rayonunda yerləşən 103 saylı yanacaqdoldurma məntəqəsi də hərraca çıxarılıb. Qala qəsəbəsində 32 kvadratmetr sahədə tikilən YDM-in 17 sot torpaq sahəsi də vardır. 126 min manata satılan əmlakı almaq üçün öncədən 12 min 600 manat beh tələb edilir.
Səbail rayonundakı qeyri-yaşayış sahəsi isə 80 min manata təklif olunur. Sahəsi 106,9 kvadratmetr olan əmlak Ş.Ələkbərova küçəsi, 7-də 4 mərtəbəli binanın zirzəmisinin bir hissəsini əhatə edir. 8 min manat beh ödəyərək həmin sahənin hərracına qatılmaq olar.
Şirkətlər də hərraca satılacaq
Oktyabrın 16-da təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və digər sahələrə aid səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının 30-45%-lik səhm paketləri də hərraca çıxarılacaq. Bu kateqoriyadan olan dövlət əmlaklarına “Xırdalan Nəqliyyat”, “Bərdə Kərpic”, “Şəmkir Nəqliyyat Ekspedisiya” və digərləri aiddir.
Onlardan səhmi ən ucuz satılan "Şamaxı Dəmir Beton" ASC-dir. Şirkətin səhmlərinin 30%-i 3 048 manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Qeyd edək ki, ASC-nin 10 160 ədəd səhmi, 20 321 manat nizamnamə kapitalı mövcuddur. Səhmlərin 3048-i satışa çıxarılıb.
“Şəmkir Nəqliyyat Ekspedisiya” ASC-nin səhmlərinin 30%-lıq hissəsi isə 4 614 manata satılır. 30 min 753 manat nizamnamə kapitalı olan şirkətin ümumilikdə 15 min 376 ədəd səhmi vardır.
Səhmləri ən baha satılan şirkət isə Bakıdakı "Azinterservis" ASC-dir. Şirkətin 443 077 ədəd səhminin 30,06%-i hərraca çıxarılıb. İnvestorlar onu almaq üçün ən azı 133 min 167 manat ödəməlidirlər. Xatırladaq ki, şirkətin nizamnamə kapitalı 886 min 154 manatdır.
Siyahıda 16 min manat, 22 min 600 manat, 36 min 300 manat, 55 min 700 manat, 87 min 700 manat ilkin satış qiyməti olan şirkətlərin səhmləri də yer alıb.
Ləğv olunan nazirliyin maşınları yenidən hərracda
Oktyabrın 16-da keçiriləcək növbəti əmlak hərracında digər daşınmaz əmlaklarla yanaşı dövlət qurumlarının balansında olan 39 maşın da satılacaq.
Onların böyük əksəriyyəti - 35 ədədi əvvəllər Nəqliyyat Nazirliyinin tabeliyində olan "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi" MMC-nin balansındadır. Xatırladaq ki, həmin MMC indi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindədir.
Nazirliyə məxsus "Daewoo BC212MA " markalı maşınların qiyməti 13 500 manatdan başlayır. 2008-ci ilə aid olan "Daewoo"lar bu qiymətlə satılır. 2009-cu ildə istehsal edilənlər isə 14 min manata təklif edilir.
2008-ci ilə aid olan "MAN LİON S Classik A-74" markalı maşınlar isə 25 min manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb.
Həmin gün baş tutacaq hərraca çıxarılan ən ucuz maşın isə Xızı rayon İcra Hakimiyyətinin balansındakı "Nissan Maxima"dır – 6 min manat (2005-ci il). Eyni markadan olan və 2007 -ci ildə istehsal edilən maşın isə 7 min manata təklif edilir.
Qeyd edək ki, hərracda iştirak etmək istəyən vətəndaşlar maşınların dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər.
Hərraca necə qoşulmaq olar?
Xatırladaq ki, özəlləşdirmə hərraclarına həm hərrac yerinə gəlməklə, həm də internet vasitəsilə onlayn qatılmaq olar. Amma hərracda iştirakçı kimi ən geci hərraca 3 gün qalmış qeydiyyatdan keçmək tələb olunur. Ətraflı məlumatı ƏMDK-nin qaynar xəttindən və rəsmi intetnet səhifəsindən almaq olar.
Qiyməti 450 manatdan başlayan əmlaklar - QİYMƏTLƏR, YERLƏR
15:03
15 Okt 2018