Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Məşğulluq Xidməti kiçik və orta sahibkarlıq subyektlərinə müraciət edib.
Nazirlikdən FED.az-a daxil olan müraciətdə xatırladılıb ki, Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 616 №-li qərarı ilə “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası” təsdiq edilib. Qaydaya əsasən, işəgötürənlər Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən göndərilmiş işsiz vətəndaşları işə qəbul etdikləri zaman müəyyən müddət ərzində (3, 6, 9 və ya 12 ay) həmin işçilərin əməkhaqlarının bir hissəsi (50%) işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdiriləcək.
Bu proqramda iştirak etmək istəyən işəgötürənlərin müraciət etdikləri vaxta qədər ən azı 1 il fəaliyyət müddəti olmalı və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi, digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.
Həmçinin son 1 ildə iş yerlərinin sayını azaltmayan (ixtisar etməyən və ya ləğv etməyən), işçilərinin orta illik sayının 40 faizindən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil edən, vakansiya bankına müvafiq məlumatları təqdim edən, kiçik və orta sahibkarlıq subyekti hesab olunan və müflis elan edilməsi barədə müraciəti olmayan işəgötürənlər proqramda iştirak edə bilərlər.
Əməkhaqlarının maliyyələşdirilməsi proqramında iştirak etmək üçun müraciət etmiş işəgötürənlər nəzərdə tutulan iş yerləri üzrə vakansiyaları ən azı 3 ay əvvəl vakansiya bankına təqdim etməlidirlər.
Hər bir işəgötürən üzrə əməkhaqlarının maliyyələşdirilməsi proqramına cəlb olunacaq sığortaolunanların sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 5 faizindən çox ola bilməz.
Eyni zamanda, işəgötürənlər bu proqram çərçivəsində rayon (şəhər) Məşğulluq Mərkəzinin göndərişləri əsasında işə götürdükləri işçilərlə əmək müqavilələrinə proqram başa çatdıqdan sonra ən azı 1 il ərzində (Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) xitam verməməlidirlər.
Proqramda iştirak etməkdə maraqlı olan işəgötürənlərin rayon (şəhər) Məşğulluq Mərkəzlərinə müraciət etmələri tövsiyə olunur.