Müstəqil şəkildə fəaliyyət göstərən stomatloloji klinikaların sayı günbəgün artır. Təklif olunan xidmətlər demək olar ki, bir-birindən o qədər də fərqlənməsə də qiymətlər müxtəlifdir. Məsələn, bir klinikada 10 manata, digərində isə 50 manata diş çəkirlər. Amma hər bir pasiyent üçün ən önəmli olan nüans xidmətin keyfiyyəti və gigiyenik standartların qorunmasıdır.
FED.az bu biznes sahəsindəki rəqabət dinamikasını və ümumi oxucu marağını nəzərə alaraq Bakıda fəaliyyət göstərən stomatoloji klinikalardakı xidmət və qiymət təkliflərini təqdim edir.
Daha çox “karonka” üçün müraciət edirlər
Səməd Vurğun 25 ünvanında yerləşən “Dental Med” klinikasında diş ətinin müalicəsi, karyesin təmizlənməsi, diş köklərinin müalicəsi, kanal müalicəsi, panoromik rentgen, karonka (protezləmə), plomblama və digər bu kimi ağız boşluğunun müalicə və müayinəsi ilə bağlı bir çox xidmət təklif olunur.
“Dental Med” klinikasın sahibi və Baş həkimi Muhsin Sarıhan FED.az-a açıqlamasında bildirdi ki, bu klinikaya müraciət edən pasiyentlər daha çox çürük dişlərin müayinə və müalicəsi və karonka (protezləmə) xidmətlərindən istifadə edirlər. Klinikada çürük dişlərin müalicəsi 150-400 manat, karonka yerləşdirilməsinin qiyməti isə 250-700 manat arasında dəyişir. Türkiyəli stomatoloq bildirir ki, klinikadakı bütün avadanlıqlar gigiyenik standartlara tam uyğundur.
10 manatdan 100 manata qədər
Ceyhun Hacıbəyli küçəsində yerləşən “Dental Club” klinikası ağız böşluğu ilə bağlı müayinədən cərrahiyyəyə qədər bütün növ stomatoloji xidmətlər təklif edir. Bura müayinə, plomblama, kanal müalicəsi, ortodantik müalicə (diş əyriliyi), diş daşlarının təmizlənməsi, karonka, keramik diş və dişin çəkilməsi kimi bir çox xidmət daxildir. Klinikadan bildirdilər ki, bu xidmətlərin qiyməti dişin vəziyyətindən və göstərilən xidmət növündən asılı olaraq 10-100 manat arası dəyişir.
“Dental Club”a müraciət edən pasiyentlər daha çox plomblama xidmətindən istifadə edir. Bu xidmətin dəyəri 30-40 manat təşkil edir. Diş çəkmənin qiyməti isə 10 manatdır.
Dişi 50 manata çəkirlər
Əbdülvahab Salamzadə küçəsində yerləşən “Dental World B.I.” klinikasında da gigiyenik, cərrahiyyə, diş daşlarının təmizlənməsi, diş çəkmə, plomblama, karyesin təmizlənməsi kimi bütün növ stomatoloji xidmətlər təklif olunur. Klinikadan bildirdilər ki, karyesin aradan qaldırılması 50-150 manat, diş daşlarının təmizlənməsi ilə bağlı təklif olunan 2 müxtəlif paketin hər birinin qiyməti 100 manat, diş çəkmək 50 manat, diş plomblama 50 manatadır.
Bu klinikaya da pasiyentlər ən çox plomblama xidməti üçün müraciət edirlər. Klinikanın məlumatına görə, breketləmə xidmətindən istifadə edənlərin sayı da çoxdur, qiyməti isə breketin materialından asılı olaraq dəyişir.
1500 manata diş əməliyyatı
“32 Beauty” klinikasında karyesin aradan qaldırılması və diş daşlarının təmizlənməsi, implantalogiya və cərrahiyyə xidmətləri göstərilir. Klinikadan verilən məlumata görə, cərrahiyyə xidmətlərinin qiyməti dişin xəstəliyindən və vəziyyətindən asılı olaraq 20 manatdan 1500 manata qədər dəyişir. Burada karyesin aradan qaldırılması xidməti 40-150 manat, diş daşlarının təmizlənməsi isə 60-100 manat təşkil edir.
Bu klinikada müayinə pulsuzdur
Zaur Kərimov küçəsində yerləşən “Dent Star” klinikasında diş ətinin müalicəsi, diş daşlarının təmizlənməsi, karyesin aradan qaldırılması, cərrahiyyə, plomblama, karonka kimi stomatoloji xidmətlər təklif edilir. Klinikadan aldığımız məlumata görə, burada ilkin müayinə pulsuz həyata keçirilir. Digər müayinə və cərrahiyyə xidmətlərində isə hər pasiyentə individual yanaşılır. Yəni, qiymət dişin ümumi, pasiyentin maddi vəziyyətinə görə dəyişir. Klinikadan verilən məlumata görə, bəzən elə xəstə olub ki, maddi vəziyyəti yaxşı olmadığı üçün onun müalicəsi də ödənişsiz həyata keçirilib.
“Plomb” qiymətləri 60 manatdan başlayır
Səməd Vurğun küçəsində yerləşən “Dental Care Baku Clinic”də cərrahiyyət xidməti daxil olmaqla ağız boşluğu ilə ilə əlaqəli bütün müayinə və müalicə üsulları təklif və tətbiq olunur. Klinikadan bildirdilər ki, burada müayinə 20 manata aparılır. Pasiyentlər tərəfindən ən çox müraciət olunan xidmətlərdən plomblamanın qiyməti 60 manatdan başlayır. Yenə daha çox tələb olunan breket xidməti isə 1500 manata tətbiq olunur. Bu qiymətə həkimin xidməthaqqı da daxildir.
500-1500 manata breket
Həsən bəy Zərdabi küçəsi 89A ünvanında fəaliyyət göstərən “Elite Dental Clinic”də yalnız cərrahiyyədən başqa bütün stomatoloji xidmətlər göstərilir. Bu klinikada da ən çox plomblama xidmətinə görə müraciət edirlər. Bu xidmətin qiyməti 30-60 manat arası dəyişir. “Elite Dental Clinic”dəki breket qiymətləri digər klinikalardakından bir o qədər də fərqlənmir. Belə ki, burada breketlər 500-1500 manat arası dəyişir. Klinikadan bildirdilər ki, breket materialı baha olduğu üçün qiymət bir qədər qabarıq olur. Breket xidməti üçün həkimin xidmət haqqı isə 100-150 manat civarında olur.
Müayinə bu klinikada da 20 manata aparılır. Qeydiyyat şöbəsindən bildirdilər ki, əsasən plomblama xidməti üçün müraciət edilsə də son vaxtlar müştəri sayılıb azalıb.
Müalicə 22 manata, breket 4000 manata
Xaqani küçəsi 46/2 ünvanında yerləşən “Dental Classik” klinikasında breket xidmətindən istifadə edəcək pasiyentlər üçün müayinə pulsuz aparılır. Amma digər xidmətlər üçün isə müayinə 20 manatadır. Uşaqlar üçün plomblama xidmətində müalicə 20-30 manata, plomblamanın əməliyyatının özü isə 25-45 manata aparılır. Böyüklər üçün isə müalicə 22-67 manata, plomlama 30-65 manata həyata keçirilir.
Breket qiymətləri bu klinikada bir qədər yüksəkdir. Belə ki, yuxarı və aşağı ağız nahiyəsinə üçün breket qiyməti 1800-4000 manat arası dəyişir.
Bu klinikada diş çəkilməsi 20-30 manata olur.
“Karonka” qiymətləri 400 manata qədərdir
Alı Mustafayev küçəsi 11/39F ünvanında yerləşən “44 Dental Clinic”də hər cür stomatoloji müayinə pulsuz həyata keçirilir. Burada plomblama xidmətinin qiyməti 20-50 manata, breket isə 1000 manatadadır. Klinikadan bildirdilər ki, daha çox karonka(protezləmə) xidməti üçün müraciət edilir ki, bu xidmətin də qiyməti 80-400 manat arası dəyişir.
Dişin çəkilməsi “44 Dental Clinic”də 20-40 manata başa gəlir. Klinikada cərrahiyyə xidməti də göstərilir.
Ən çox “plomb”lama xidmətindən istifadə olunur
Səttar Bəhlulzadə küçəsində yerləşən “Premium Dental” klinikasında cərrahiyyə xidməti də daxil olmaqla hər cür stomatoloji prosedur tətbiq olunur. Klinikadan bildirdilər ki, son vaxtlar ən çox istifadə olunan plomblama xidmətinin qiyməti burada 40 manatadır. Breket xidməti isə 800 manata başa gəlir. Məlumata görə burada diş çəkilməsi isə 20 manatadır.
Məmməd Ağayev
Bakının stomatoloji klinikalarında - XİDMƏTLƏR, QİYMƏTLƏR
16:34
24 Aprel 2018