Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta şirkətləri tərəfindən sığorta vasitəçilərinə təqdim edilən komission haqlarının süni yolla artımının qarşısının alınması ilə bağlı sığorta şirkətlərinə məcburi göstəriş verib. Bu barədə FED.az saytına Palatadan bildirilib.
Məlumatda bildirilir ki, icbari sığortalar haqqında qununun 12-ci maddəsinin 12.4-cü bəndində qeyd olunub ki, sığortaçı daxil olan sığorta haqlarının 20%-dək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15%-dək olan hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər: Lakin bazarda bəzi sığorta şirkətləri buna əməl etməyib, qanunvericiliyin tələbini pozublar. Bu növ qanun pozuntuları ilə ciddi mübarizə aparılmalı və sığorta agentləri tərəfindən qeyri-qanuni endirimlərin qarşısı alınmalıdır. Məhz bu baxımdan bütün sığorta şirkətlərinə qanunvericiliyin tələbinə uyğun şəkildə fəaliyyət göstərmələri ilə bağlı məcburi göstəriş verilib. Ümumiyyətlə, vətəndaşlar bilməlidirlər ki, bundan sonra icbari avtomobil sığortası növü üzrə endirimlər olmayacaq. Endirimlər yalnız bonus-malus çərçivəsində olacaq. Onu da qeyd edim ki, artıq 07 may tarixindən bütün sığorta şirkətləri komisyon haqları qanunvercilik çərçivəsində həyata keçirir”.
Palatadakı mənbə bildirir ki, bu cür qanun pozuntusu hər hansı bir sığorta şirkətində təkrarlanarsa Palata qanunvericilik çərçivəsində müvafiq sanksiyalar tətbiq etməklə həmin şirkətin liseziyasını dərhal məhdudlaşdıracaq.
Qeyd edək ki, komission haqlarının süni yolla artımının qarşısının alınmasına dair Azərbaycan Sığortaçılar Assosiasiyasında sığorta şirkətlərinin rəhbər işçiləri ilə dəfələrlə birgə müzakirələr keçirilib. Hətta ötən il ASA daxilində bu məsələ ilə məşğul olmaq məqsədi ilə monitorinq qrupunun formalaşdırılması da qərara alınmışdı. Qrup tərəfindən hər hansı bir şirkətin yüksək komission haqqı verildiyi aşkar ediləcəyi təqdirdə həmin şirkətə qarşı ciddi sanskiyaların tətbiq edilməsi üçün müvafiq tədbirlərin görülməsi də səslənmişdi.
Lakin bu məsələ ilə bağlı yaradılmış Qrupun fəaliyyətində indiyədək hər hansı bir ciddi irəliləyiş hiss olunmadı.