Gürcüstan hökuməti Qara dəniz sahilində özünün yeni limanının - Anakliya dərin hövzəli dəniz limanı ilə əlaqədar yeni tender elan etməyi qərara alıb.
FED.az xəbər verir ki, bu layihə Gürcüstanın Şərqlə Qərbi birləşdirəcək “Böyük İpək Yolu”na fəal qoşulması üçün nəzərdə tutulub və hökumət onu artıq 7-ci ildir ki, reallaşdırmaq istəyir.
Gürcüstanda 50 yeni - Dağ-xizək Kurortu Yaradılacaq
Qeyd edək ki, hazırda Gürcüstanın Qara dəniz sahilində 2 böyük limanı var - Batumi və Poti limanları. Əsas yüklər Poti limanı vasitəsilə daşınır. Lakin bu liman tutumu 1500 konteynerdən artıq gəmiləri qəbul edə bilmir.
Anakliya limanının tikintisi isə bu problemi aradan qaldırmalıdır. Limanın dərinsulu olması buraya daha iri gəmilərin yan almasına imkan verməlidir.
Gürcüstan hökuməti Anakliya limanı layihəsinə hələ 2016-cı ildə başlayıb. Həmin vaxt elan edilən tenderdə «TBC Holding» və Amerikanın «Conti İnternational LLC» kompaniyasının birgə yaratdığı «Anakliya Holding JSC» şirkətinin «Anakliya limanının İnkişaf Konsorsiumu» qalib gəlib və tikinti başlayıb. Amma 2017-ci ilin dekabrında başlanan tikinti işləri 6 ay sonra dayandırılıb. Bunun səbəbi investorun öz öhdəliklərinə əməl edə bilməməsi olub. Belə ki, “Anakliya Holding JSC” şirkəti beynəlxalq maliyyə institutlarından, o cümlədən EBRD, EIB, OPIC və NDB-dan ümumilikdə 400 milyon dollar cəlb etməli idi, amma buna nail ola bilməyib.
Bunun səbəbi isə o olub ki, beynəlxalq təşkilatlar həin vəsaiti (400 milyon dollar) ayırmaq üçün Gürcüstan hökumətindən qarantiya istəyiblər ki, Anakliya limanından müəyyən yük həcminin keçməsinə zəmanət versin. Hökumət isə yeni liman üçün yük axtarmaq və bu barədə qarantiya vermək niyyətində olmadığını bildirib.
Gürcüstan rəhbərliyi bildirir ki, liman özəl olduğu üçün buradan keçəcək yükləri də özü tapıb cəlb etməlidir.
Məhz bu səbəblərdən “Anakliya Limanının İnkişaf Konsorsiumu” maliyyə öhdəliklərinə axıradək əməl edə bilməyib və 2020-ci ildə Gürcüstan hökuməti onunla müqaviləni ləğv edib. O vaxtdan Gürcüstan hökuməti fasilələrlə yeni investor axtarışındadır.
Bir neçə gün əvvəl isə Anakliya limanının tikintisi ilə bağlı məsələ Gürcüstan hökumətində - Baş nazir İrakli Qaribaşvilinin ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri və digər rəsmi şəxslərlə görüşündə müzakirə olunub.
Qeyd olunub ki, Anakliya dərin özüllü dəniz limanının tikintisi Gürcüstan hökumətinin prioritetlərindən biridir. Bu limanın dövlətin və özəl sektorun birgə iştirakı ilə tikməsi nəzərdə tutulub.
Başqa sözlə şərtlər dəyişdirilib - bildirilib ki, konsorsiumun 51 faizi dövlətə məxsus olacaq, 49 faizi ilə əlaqədar isə beynəlxalq tender elan olunacaq. Hazırda potensial investorlarla fəal danışıqlar aparılır. Plana görə, Anakliya limanının birinci fazasında liman ildə 7,8 milyon ton ötürmə qabiliyyətinə çatmalıdır. Limanın işə düşməsinin birinci mərhələsində burada ildə 900 min konteyner qəbul etmək imkanı yaranmalıdır.
Hökumət bu prosesə beynəlxalq məsləhətçiləri də cəlb etmək niyyətindədir. Anakliya dərinsulu limanı Agentliyi artıq elan edib ki, məsləhət və texniki konsultasiyalar üçün «White & Case», «Port Consultants Rotterdam», «Maritime & Transport Business Solutions B.V.» kimi şirkətlərin xidmətindən istifadə edəcək.
Eləcə də, hökumət bu prosesə nüfuzlu beynəlxalq maliyyə/konsaltinq/hüquq şirkətləri də cəlb etmək niyyətindədir.
Maliyyə naziri Georgi Kakauridze bildirib ki, yeni investor tezliklə tapılacaq. Tender şərtləri ilin ilk yarısına kimi məlum olacaq. Əsas tələb isə odur ki, investor yük dövriyyəsi ilə bağlı hökümətdən qarantiya istəməsin.
Gürcüstanın maliyyə naziri Georgi Kakauridze bildirib ki, yük tapmaq hökumətin işi deyil: «Dövlət Anakliya limanına yüklərin cəlb edilməsinən qayğısına qala bilməz. Məhz ona görə özəl investor axtarırıq ki, bu prosesdə dövlətin iştirakı minimum olsun. Özəl sektor özü yük cəlb etməlidir ki, liman işləsin».
Amma, hökumətin mövqeyi bir qədər yumşalıb. Məsələn, hökumət bildirir ki, porta dəmir yolu və avtomobil yolu çəkilə bilər.
Hazırda hökumət layihəyə investor tapmaq üçün potensial iştirakçılarla görüşlər keçirir.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib ki, qurum tikinti prosesini bu il başlamaq üçün mümkün olanı edir, o cümlədən müxtəlif iştirakçı tərəflərlə görüşlər keçirir.
Maraqlıdır ki, Bakıdan təqribən 1 min kilometr Qərbdə reallaşan bu layihədə Azərbaycan da nəzəri cəhətdən iştirak edə bilər.
Məsələ bundadır ki, Gürcüstanın bu layihəyə başlama səbəbi olan «İpək yolu» layihəsində Azərbaycan da iştirak edir. Üstəlik, Azərbaycann bu məsələlərdə təcrübəyə sahibdir.
Əvvəla, rəsmi Bakı vaxtilə Gürcüstan ərazisində başqa nəqliyyat layihəsi - Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin tikintisini maliyyələşdirib – beynəlxalq qurumlar bu layihəyə vəsait verməkdən imtin edəndə Neft Fondundan buraya 750 milyon dollar vəsait ayrılmışdı. Digər tərəfdən, vaxtilə SOCAR Qara dənizdə Kulevi limanına sahib olub.
Ən əsası, «İpək Yolu» ilə gedəcək yüklər Azərbaycan ərazisində də keçir. Bu mənada Azərbaycan hipotetik olaraq dövlət və ya özəl investiiyalar çərçivəsində bu layihədə investorlardan biri ola bilər.
Yeri gəlmişkən, bir qədər əvvəl televiziyalara müsahibəsində prezident İlham Əliyev də bildirmişdi ki, nəqliyyat dəhlizlərinin gücü artırılacaq və məsələn, Bakı-Tbilisi-Qars dəmiryolunun illik daşınma gücü 1 milyon tondan 5 milyon tona qaldırılacaq.
Paralel olaraq Azərbaycan xarici dənizlərdəki gəmilərinin sayını artırmaq istəyir. Bir qədər əvvəl gəmi alınması üçün 100 milyon dollarlıq istiqraz buraxan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi FED.az-a bildirmişdi ki, alınacaq yeni gəmilər, o cümlədən Qara və Aralıq dənizi sularında istifadə ediləcək.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, hazırda rəsmi Bakı üçün prioritet istiqamət Zəngəzur dəhlizini inkişafıdır. Bu istiqamət strateji cəhətdən və bir neçə səbəbdən daha mühümdür. Belə ki, Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyə və onun Aralıq dənihi limanlarına çıxışını təmin edə bilər.
Aralıq dənizi isə buraxılış məntəqəsi olaraq Qara dənizdən qat-qat əlverişlidir. Çünki Qara dəniz limanlarından yola duşən gəmilər də dünya okeanına Aralıq dənizi ilə çıxmalı olacaqlar.
Bu mənada ilk baxışdan Azərbaycanın Anakliya layihəsində iştirakı yalnız İpək yolu dəhlizi iştirakçılarının bir neçəsinin qatıldığı konsorsium çərçivəsində daha real görünür.
Bu layihə ilə bağlı vəziyyət və tərəflərin (potensial investorların) planları isə ən geci 2023-cü ilin ilk ortalarında məlum olacaq.