Bakıda iki yeni avtomobil tuneli istifadəyə verilib.
Eləcə də bax: Bakıda yeni - TUNEL ÇƏKİLƏ BİLƏR
FED.az xəbər verir ki, birinci tunel Bakıxanov və Sabunçu qəsəbələri arasında, Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişməsində yerləşir.
Tunelin uzunluğu 388, hündürlüyü 5,5, eni isə 13,5 metrdir.
Qapalı hissənin uzunluğu 68 metrdir. Burda avtomobillərlə yanaşı piyadaların hərəkəti üçün səki salınıb. Bu isə tuneldən piyadaların da keçid kimi istifadə edə bilməsinə imkan verəcək.
Bundan əlavə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Tunelin tikintisinə ötən il avqustun 23-dən başlanılıb.
Tikintisi tamamlanan digər tunel isə Keşlə dəmir yolu stansiyasının yaxınılığında, M.Ə.Sabir küçəsində yerləşir. Tunelin uzunluğu 208 metr, eni 14 metr, hündürlüyü isə 5,25 metrdir. Qapalı hissənin uzunluğu 48 metrdir.
Bu ərazidə əvvəllər avtomobil yolu ilə dəmir yolu kəsişirdi. Bu da həm avtomobillərin, həm də qatarların hərəkəti üçün təhlükəli vəziyyət yaradırdı. Qatarların keçidi zamanı, xüsusilə də pik saatlarda avtomobillər gözləməli olurdu ki, bu da əlavə vaxt itkisi deməkdir. Bu tunel belə halları aradan qaldıracaq, hərəkətin təhlükəsizliyini təmin edəcək. Tuneldə piyadaların təhlükəsiz hərəkətinə şərait yaradılıb.
Bu tunelin tikintisinə isə ötən ilin mayından başlanılıb.
Trend