Ukraynanın Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus (COVİD-19) infeksiyasının Ukrayna Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə martın 17-si saat 00:01-dən etibarən, bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən FED.az-a verilən məlumata görə, bununla əlaqədar, Bakıdan 21 mart tarixindən 369/370 nömrəli Bakı- Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti xüsusi göstərişədək dayandırılır.
Bakıdan 14 mart tarixində yola düşən Bakı-Kiyev-Bakı sərnişin qatarı isə Xarkov-sərnişin stansiyasına kimi hərəkət edib. Qatar geriyə Xarkov- sərnişin stansiyasından bu gün yerli vaxtla saat 15:30-da yola düşməklə, Rusiya ərazisinə təhvil veriləcək və öz hərəkət cədvəli üzrə Bakıya qaytarılacaq.