Azərbaycanın milli aviadaşıyıcısı AZAL ekonom sinifdə səyahət edən sərnişinlər üçün şəxsi məkanı və komfortu artıran yeni xidməti istifadəyə verib.
FED.az AZAL-a istinadən xəbər verir ki, artıq sərnişinlər yan oturacağı və ya bütün sıranı əvvəlcədən “bloklaya” bilərlər.
Yeni xidmət uçuş zamanı daha rahat hərəkət imkanı və geniş şəxsi məkan təmin edir. Bu yenilik AZAL-ın müştəriyönümlü yanaşmasının, fərdiləşdirilmiş səyahət həllərinin genişləndirilməsi və sərnişin rahatlığının artırılması strategiyasının növbəti addımıdır. Xidmət yalnız ekonom sinif üçün keçərlidir, biznes sinif və “Extra Legroom” kateqoriyasına aid ekonom sinif yerlərə şamil edilmir.
Xidmətin tətbiqi qaydası:
– Aviabilet alındıqdan sonra sərnişinə uçuşdan bir neçə gün əvvəl yan oturacağı bloklamaq imkanı barədə elektron məktubla müraciət göndərilir. Eyni zamanda sərnişin azal.az veb-saytının “AZAL Upgrade” səhifəsi və ya “Rezervasiyanın idarə edilməsi” bölməsinə daxil olaraq xidmətdən istifadə ilə bağlı öz təklifini edir.
– Uçuşdan əvvəl sərnişinə təklifinin qəbul olunub-olunmaması barədə məlumat göndərilir.
– Xidmətin dəyəri marşrutdan, uçuşun müddətindən və həmin anda təyyarənin doluluq səviyyəsindən asılı olaraq dəyişir.
– Xidmət yalnız boş yerlər mövcud olduqda aktivləşdirilir. Əgər reys tam dolu olarsa və oturacaq digər sərnişinə verilərsə, ödəniş avtomatik olaraq geri qaytarılır və sərnişinə bu barədə bildiriş göndərilir.
Xidmətin istifadəsinə dair videotəlimatla bu keçid vasitəsilə tanış olmaq mümkündür:










