"Türk İnvestisiya Fondunun təsisçi ölkələrindən biri kimi, biz bu Fondun türk dövlətləri arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə daşıyacağına inanırıq. Fondun imkanlarından maksimum istifadə edərək, ortaq layihələr və innovativ təşəbbüslərlə iqtisadi inteqrasiyamızı daha da dərinləşdirməyə çağırırıq. Bu əməkdaşlıq sayəsində biz türk dövlətlərinin iqtisadi potensialını tam şəkildə reallaşdıraraq, qlobal bazarlarda daha güclü mövqe tuta bilərik".
FED.az xəbər verir ki, bunu “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib.
İqtisadiyyat nazirinin birinci müavini qeyd edib ki, Türk İnvestisiya Fondu ölkələrimiz arasında işbirliyinin stimullaşdırılmasında mühüm rol oynaya bilər: "Ticarətin və sahibkarlığın inkişafı, regional layihələrin, xüsusilə mikro, kiçik və orta müəssisələrin təşəbbüslərinin maliyyələşdirilməsi baxımından geniş perspektivlər vəd edən Fondun nizamnamə kapitalı 600 mln. ABŞ dolları təşkil edir. ".
Elnur Əliyev əlavə edib: "Türk Dövlətləri Təşkilatı kimi aktiv və potensialı yüksək olan platformada birgə fəaliyyətimizin genişləndirilməsi iqtisadi dəyişikliklərə uyğunlaşma və inteqrasiya baxımından olduqca vacibdir ".
İqtisadiyyat nazirinin 1-ci müavini qeyd edib ki, Türk İnvestisiya Fondunun nizamnamə kapitalı 100 milyon ABŞ dolları və yaxud 20 % artırılaraq 500 milyon ABŞ dollarından 600 milyon ABŞ dollarına çatdırılıb.
Xatırladaq ki, Türk İnvestisiya Fondunu ötən il mayın 18-də İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan yaradıb. Fond türkdilli ölkələrdə həm dövlət, həm də özəl sektordakı layihələrə texniki dəstək verilməsi, infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı və turizm kimi sahələrə investisiyaların artırılması və davamlı iqtisadi inkişafa töhfə verilməsi məqsədi ilə təsis olunub. (Marja)