Azərbaycan Mərkəzi Bankı not hərraclarında rəqabəti artırmaqla müxtəlif müddətlər (1-3-6-9 ay) üzrə gəlirlilik əyrisinin formalaşmasına şərait yaratmaq, qısamüddətli pul bazarında aktivliyi dəstəkləmək üçün notlar üzrə investor bazasını genişləndirib, eləcə də notların yerləşdirilməsi şərtlərinə dəyişikliklər edib.
Mərkəzi Bank virtual aktivlərlə əməliyyatların aparılması qaydasını - TƏSDİQLƏYİB
Yeni qərarla banklarla yanaşı, qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxslərə də müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ verilib. Limitlərin qoyulmasında məqsəd bankların likvidlik mövqeyində və qiymətli kağızlar bazarının müxtəlif seqmentlərində kəskin dəyişikliklərə yol verməməkdir.
FED.az xəbər verir ki, qərarı şərh edən iqtisadçı Cəfər İbrahimli bunun qiymətli kağızlar bazarına bir neçə aspektdən müsbət təsirlərinin olacağını bildirib. Onun fikrincə, hüquqi şəxslərin bu bazara daxil olması ilə investor bazasının genişlənməsi mümkün olacaq.
“Mərkəzi Bankın notları qısamüddətli və likvid qiymətli kağızlar olduğu üçün investorlar istədiyi vaxt onları sata və ya onlarla repo əməliyyatı apara bilirlər. Bundan əlavə, həmin qiymətli kağızlar investorlar üçün kifayət qədər gəlir gətirdiyinə görə hüquqi şəxslər üçün cəlbedici maliyyə aləti hesab edilir. Dolayısı ilə hüquqi şəxslərin qiymətli kağızlar bazarına gəlməsi burada investor bazasının genişlənməsinə və bu sektorda mövcud olan pul vəsaitlərinin canlanmasına, bu notlarla paralel olaraq multikator effekti ilə digər qiymətli kağızlara da investisiyanın artmasına şərait yaradacaq”, – ekspert bildirib.
Bu əməliyyatlardan hüquqi şəxslərin əldə edəcəyi faydalara gəlincə, C.İbrahimli banklarda olan vəsaitlərinin onlara daha çox gəlir gətirməsinə imkan verəcəyini vurğulayıb: “Hüquqi şəxslər bank hesablarında qalan pul vəsaitlərini istifadə etməkdə çətinlik çəkirlər. Qiymətli kağızlara, Mərkəzi Bankın notlarına çıxış əldə etdikdən sonra onlar cari hesablarındakı vəsaitdən əlavə gəlir əldə etmiş olacaqlar. Bu, investisiya şirkətləri və bazar infrastrukturuna aid strukturlarda əməliyyatların həcminin, müştərilərin sayının artmasına, investor bazasının genişlənməsinə səbəb olacaq. Beləliklə, qərar qiymətli kağızlar bazarının inkişafı və hüquqi şəxslərin pul vəsaitlərinin daha effektiv istifadə olunması üçün yeni bir imkan açır”.
Onu da deyək ki, Mərkəzi Bank notların investor bazasının genişləndirilməsinin nəticələrini davamlı təhlil edəcəyini və qiymətli kağızların yerləşdirilməsi şərtlərinə yenidən baxıla biləcəyini açıqlayıb. Bununla nələr dəyişə bilər?
C.İbrahimli hazırda qiymətli kağızlar bazarına daxil olmaq istəyən investorlar üçün müəyyən məhdudiyyətlərin olduğunu bildirib: “Məsələn, bir bank emissiya olunan kağızın ancaq 20 faizini ala bilər. Mərkəzi Bankın son qərarında da banklara və ya maliyyə şirkətlərinə məhdudiyyət qoyulub. Proseslərin gedişatında ehtiyac yaranarsa, emitent kimi Mərkəzi Bank həmin məhdudiyyətlərin aradan qaldırılmaısna qərar verə bilər. Bunu zaman göstərəcək”. (Vergilər qəzeti)