“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın qızıl ehtiyatlarının xarici maliyyə mövqeyinə təsirini qiymətləndirib.
Azərbaycan qızılın hesabına qeyri-neft ixracını – 3 DƏFƏ ARTIRIB
FED.az xəbər verir ki, reytinq agentliyi qızılın bahalaşmasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcminə müsbət təsir göstərdiyini bildirib.
Agentliyin məlumatına görə, 2026-cı ilin birinci rübünün sonuna ARDNF-nin investisiya portfeli 73,5 milyard ABŞ dolları təşkil edib ki, bu da "Fitch"in Azərbaycan üzrə 2026-cı il üçün proqnozlaşdırdığı ÜDM-in 93,2%-nə bərabərdir: "Qızıl Fondun investisiya portfelinin ən böyük komponentidir və portfelin 36%-ni təşkil edir. 2023-cü ildən 2026-cı ilin birinci rübünün sonunadək qızıl ehtiyatları ARDNF-nin aktivlərinin 19,4 milyard dollar artmasına birbaşa töhfə verib. Bu artımın 26%-i qızıl ehtiyatlarının fiziki həcminin artması ilə əlaqədar olub".
"Fitch" qeyd edir ki, Azərbaycanın “BBB-” suveren reytinqi ARDNF-nin iri həcmli aktivləri hesabına xarici maliyyə göstəriciləri üzrə əlavə üstünlük əldə edir. Fondun aktivləri ölkənin olduqca güclü xarici valyuta likvidliyini və xalis xarici kreditor mövqeyini dəstəkləyir.
Agentliyin qiymətləndirməsinə görə, qızılın bahalaşması ARDNF-nin aktivlərinin həcminə açıq şəkildə müsbət təsir göstərsə də, bu təsir qızıl ehtiyatlarının həcmindəki dəyişikliklərlə qismən kompensasiya oluna bilər. Reytinq agentliyi buna misal olaraq ARDNF-nin portfelini yenidən balanslaşdırmaq məqsədilə 2026-cı ilin yanvar-aprel aylarında qızıl ehtiyatlarının bir hissəsini satmasını göstərib.
“Fitch” hesab edir ki, yüksək qızıl qiymətləri Azərbaycanın reytinqini dəstəkləsə də, bunun yaxın zamanda reytinqin daha da yüksəldilməsinə səbəb olması ehtimalı azdır.
Hesabatda həmçinin bildirilir ki, 2025-ci ilin sonuna qızıl Azərbaycanın suveren xarici aktivlərinin 32,2%-ni, ölkənin mal ixracının isə cəmi 0,2%-ni təşkil edib. Azərbaycan üzrə suveren xarici aktivlərə ARDNF-nin aktivləri də daxil edilib.
“Fitch”in fikrincə, Azərbaycan kimi xarici aktivlərində qızıl saxlayan ölkələrdə qızıl qiymətlərinin kəskin azalması xarici aktivlərin strukturunun dəyişdirilməsinə səbəb ola bilər. Bu da qiymət enişindən yaranan riskləri yumşalda bilər. (Apa)












