Vergi Məcəlləsinin 220-ci maddəsinə əsasən, fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan vergiödəyiciləri "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz"i almalıdır.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, sözügedən vergiödəyicilərinə fərdi foto, audio-video xidmətləri sahəsində fəaliyyət, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), gözətçi və digər analoji işlər, fərdi qaydada bərbər, dərzi və digər fəaliyyətlə məşğul olan şəxslər aiddir.
Vergi Məcəlləsinin 58.12-ci maddəsinə əsasən, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergiödəyicisinə aşağıdakı maliyyə sanksiyası tətbiq edilir:
- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında;
- təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.
Eləcə də bax: Azərbaycanda vergi və gömrük məcəllələrinə düzəlişlər üçün təkliflər hazırlanıb
©Marja