Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu tərəfindən ipoteka kreditləşməsinin bərpa edilməsi və davamlılığının təmin edilməsi məqsədilə 2009-cu ildə istiqraz buraxılışı yolu ilə bazardan maliyyə vəsaitlərinin cəlb edilməsinə başlanılmışdır və bu günə qədər 9 emissiya üzrə 390 mln. manat məbləğində vəsait bazardan cəlb edilmişdir. İpoteka ilə təmin edilmiş istiqrazların emissiyası təkrar ipoteka bazarının inkişafında və ipoteka kreditləşməsinin davamlılığının təmin edilməsində mühüm rol oynamışdır.
İlk dəfə olaraq, 29 may 2009-cu il tarixində Azərbaycan İpoteka Fondunun 55 000 000 (əlli beş milyon) manat məbləğində 7 il müddətinə AZ2001008682 nömrəli təmin edilmiş istiqrazları dövlət qeydiyyatına alınmışdır.
Məlumat üçün bildiririk ki, Fondun aktiv və passivlərinin effektiv idarə edilməsi modeli, dayanıqlı likvidlik mövqeyi və kredit portfelinin yüksək keyfiyyəti sayəsində birinci emissiya üzrə öhdəliklər (55 mln. manat) hətta vaxtından əvvəl icra olunmuşdur.
Bununla da, Fondun ilk emissiyası uğurla və vaxtından əvvəl başa çatdırılmışdır. Uzunmüddətli öhdəliklərin idarəolunması sahəsində əldə olunmuş təcrübə nəticəsində Fondun növbəti istiqrazları üzrə də öhdəliklərin vaxtında icrası təmin olunacaqdır