Hesablama Palatası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin layihəsinə rəy verib.
Palatadan FED.az-a verilən məlumata görə, rəy “Büdcə sistemi haqqında” Qanunun 27.7-ci maddəsinə, “Hesablama Palatası haqqında” Qanunun 7.0.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın (Qaydalar) 4.1-ci bəndinə uyğun hazırlanıb.
Hesablama Palatasının rəyində 2022-ci ildə gəlir və xərc istiqamətləri üzrə proqnozlaşdırılmış məbləğlərin əsaslılığı, növbəti ildə Fond tərəfindən həyata keçiriləcək investisiya siyasətinin Fondun fəaliyyətini tənzimləyən qanunvericilik aktları ilə uyğunluğu araşdırılıb.
Qeyd edək ki, « Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na əsasən Fondun büdcəsi Azərbaycan Respublikasının dövlət büdcəsi ilə əlaqələndirilməklə tərtib edilməlidir.
Bundan sonra Fondun İcraçı direktoru Fondun büdcəsinin layihəsi Dövlət Neft Fondunun vəsaitininin istifadə edilməsinin əsas istiqamətləri (proqramı) ilə birlikdə rəy verilmək üçün hər il sentyabr ayının 5-dən gec olmayaraq Dövlət Neft Fondunun Müşahidə Şurasına və Hesablama Palatasına təqdim etməlidir.
Öz növbəsində Müşahidə Şurası da Fondun büdcə layihəsinə dair rəy verərkən Hesablama Palatasının rəyini nəzərə almalıdır.
Palatadan bildirilib ki, Rəy hazırlanarkən Fondun büdcəsinin 2020-ci il üzrə icra göstəriciləri, 2021-ci ilin proqnoz və gözlənilən icra göstəriciləri ilə müqayisəli təhlillər aparılıb.
«Rəy Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirlərinin mədaxil mənbələri üzrə daxilolmalara dair göstəricilər, 2021-ci ilin 9 ayının icrası üzrə Fondun statistik məlumatlarından, Hesablama Palatasına təqdim edilmiş hesabatlar və məlumatlardan, Hesablama Palatasının müvafiq analitik məlumat bazasından, müxtəlif rəsmi internet səhifələrinin müvafiq məlumatlarından istifadə edilməklə və təhlillər aparılmaqla hazırlanıb. Bu da kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir və digər təşkilatların ekspert mühakimələrindən fərqli ola bilər».- deyə açıqlamada bildirilir.
Yeri gəlmişkən, Hesablama Palatası bəzi tövsiyyələri ilə Neft Fondunun 2022-ci il üçün büdcə layihəsini, Fondun vəsaitinin 2022-ci ildə istifadəsinin əsas istiqamətləri (proqramı) və Fondun 2022-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetasının layihələrini məqbul hesab edib və onların təsdiq edilməsi barədə müvafiq Fərman layihəsinin Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim edilməsi üçün Fonda göndərilməyi tövsiyə edib.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin layihəsinə rəy