Bu ilin I yarısında Hesablama Palatasının Kollegiyası 2021-ci ilin İş Planına əsasən 28 auditin, o cümlədən 7 maliyyə, 2 səmərəlilik (performans), 19 uyğunluq auditinin keçirilməsi ilə bağlı qərar qəbul edib, 11 auditin (8-i uyğunluq və 3-ü maliyyə auditi olmaqla) nəticələri üzrə auditor hesabatlarını təsdiq edib.
Eləcə də bax: Hesablama Palatası YAP-da yoxlamalara başladı - İlk Dəfə
FED.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, qurum “COVİD-19” pandemiyası ilə mübarizəyə yönəldilən dövlət vəsaitləri üzrə aparılan kənar dövlət maliyyə nəzarəti tədbirlərini (bundan sonra-nəzarət tədbirləri) başa çatdırmaq üzrədir və nəticələrin rəsmiləşdirilməsi hesabat ilinin 3-cü rübündə həyata keçiriləcək.
2021-ci ilin İş Planına əsasən hesabat dövründə keçirilmiş və nəticələri rəsmiləşdirilmiş nəzarət tədbirləri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Hesablama Palatasının kollegiyası ümumilikdə 15,1 milyon manatı əhatə edən maliyyə pozuntularına dair müvafiq tədbirlərin görülməsi ilə bağlı qərarlar qəbul edib.
Bu ilin ilk 6 ayında və əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticəsi olaraq hesabat dövründə ümumilikdə 12,4 milyon manat, o cümlədən pul ifadəsində 10,3 milyon manat, natura ifadəsində isə 2,1 milyon manat dövlət vəsaiti bərpa edilib.
Bununla yanaşı, auditlərin nəticəsi olaraq müəyyən edilmiş vəsaitlərin təyinatının dəyişdirilməsi, maliyyə hesabatlarında təhriflərə yol verilməsi, vəsaitlərin akkreditiv hesablara köçürülməsi, vəsaitlərin əsaslı şəkildə proqnozlaşdırılmaması və istifadəsi ilə bağlı hesabatlılığın olmaması, gəlir vergisi və digər məcburi ödənişlərin tutulmaması, bəzi xərclərin dövlət satınalmalarına cəlb edilməməsi, vəsaitlərin depozit və tapşırıqlar hesablarından icrasının ilin sonuna qalıq vəsaitin geri qaytarılmaması risklərini formalaşdırması, ştat sayının optimallaşdırılmasının zəruriliyi barədə, aşkar edilmiş digər nöqsan və çatışmazlıqlarla əlaqədar səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi üçün 10 halda aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına, eləcə də 1 halda yuxarı icra hakimiyyəti orqanına məlumat verilib.
Nəzarət tədbirinin nəticəsi üzrə 2 halda materiallar Baş Prokurorluğa göndərilib. (Report)