Azərbaycanda gömrük ödənişlərinin məbləğində böyük artım müşahidə olunur. FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, oktyabrda komitə büdcəyə 378,1 milyon manat ödəyib. Bu indiyədək komitənin bir ay ərzində büdcəyə ödədiyi ən byöük məbləğdir.
ELƏCƏ DƏ BAX: AMCHAM rəhbəri: «Vergi dəyişiklikləri məni qane edir»
FED.az-ın məlumatına görə, ötən ay gömrükdə yığımların 263,7 milyon manatı və ya bütün yığımların təqribən 70%i ƏDV-nin payına düşür. ƏDV yığımları əvvəlki aya nisbətən 33 milyon manat artıb.
Oktyabrda 93,3 milyon manat gömrük rüsumu toplanıb ki, bu da əvvəlki aydan 16 milyon manat artıqdır. Aksiz vergisində isə azalma var – sentyabrda toplanan 18,2 milyon manatla müqayisədə, oktyabrda 16,5 milyon manat yığılıb. Əvəzində oktyabrda 4,6 milyon manat yol vergisi toplanıb ki, bu da sentyabrla müqayisədə 1,5 milyon manat artıqdır.
Gömrük ödənişlərinin nə qədər artdığını göstərmək üçün bircə onu qeyd etmək kifayətdir ki, ilin ilk iki ayında yığımlar 220 milyon manat ətrafında idi. Apreldə ödənişlərin məbləği 300 milyon manatı keçib, iyuldan indiyədək isə 320 milyon manatdan az olmayıb.
Yığımları belə artımı təkcə komitənin fəaliyyəti ilə deyil, qanunvericiliyə edilən dəyişikliklərlə də bağlıdır. Belə ki, bəzi məhsular üçün aksizlər və rüsumlar tətbiq edilib və ya artırılıb, eləcə də, ölkəyə rüsumsuz gətirilən malların siyahısı azaldılıb. Bundan başqa, bu ilin əvvəlinən başlayaraq ölkəyə idxal yenidən artmağa başlayıb ki, bu da dövriyyənin və toplanan rüsumların artımı ilə nəticələnib. Digər tərəfdən, avtomobillərin gələn ildən etibarən bahalaşacağı ilə bağlı məlumatlar ölkəyə avtomobil idxalını kəskin artırıb. Nəticədə təkcə aksizlərin aylıq yığımı ilin əvvəli ilə müqayisədə 3 dəfəyə yaxın yüksəlib.
Nəhayət, gömrük yığımlarının artımına bu sahəyə nəzarətin güclənməsi də təsir edib. Belə ki, apreldə Prezident İlham Əliyev ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun sayılıb. Başqa sözlə, idxalixrac əməliyyatlarına gömrük orqanları ilə yanaşı, vergi qurumları da nəzarət edirlər. Bu da qarşılıqlı nəzarətin güclənməsinə və yığımları artımına səbəb olub.
Bununla yanaşı, Gömrük Komitəsi bəzi məlumatları açıqlamağı dayandırıb.