Bu gün Azərbaycan bələdiyyələrinin qarşılaşdığı problemlərdən ən əsası deyərdim ki, Dövlət Sosial Müdaifə Fonduna olan borcdur. Borc olduğundan bələdiyyənin bank hesabına sərəncam qoyulur, nəticədə bələdiyyə hər hansı əməliyyat apara bilmir.
Borc haqqında
Hazırda Azərbaycanda formalaşan 1607 bələdiyyənin 1208-nin Dövlət Sosial Müdafiə Fonduna olan borcun həcmi 13 milyon manata çatır. Bunun 9 milyon manata yaxın hissəsi əsas borc, 4 milyon manata yaxın hissəsi isə borca görə hesablanan peniyadır.
Cənab Prezidentin cari ilin mart ayında imzaladığı sərəncamla borcun peniya olan hissəsinin böyük bir qismi silinmiş oldu. Tək Biləcəri bələdiyyəsində 100 min manata yaxın peniya silindi. Prezidentin bu addımı deyərdim ki, 1208 bələdiyyənin hər birinə müsbət mənada təsir etmiş oldu. Yəni az- çox peniya silindi.
Hazırda Bərdə bələdiyyələrinin 825 min manat, Yevlax bələdiyyələrinin 166 min manat, Ağsu bələdiyyələrinin 145 min manat, Quba bələdiyyələrinin 115 min manat. Cəlilabad bələdiyyələrinin 100 min manat, Saatlı bələdiyyələrinin 70 min manat, Şamaxı bələdiyyələrinin isə 45 min manat DSMF-yə borcu vardır.
Bakı bələdiyyələri arasında tək Əmircan bələdiyyəsinin 28 min manat borcu vardır.
Borcun yaranma səbəbi barədə
Bu istiqamətdə apardığımız təhlillərdən belə qənaətə gələ bilərik ki, borcun yaranma dövrü 2003-2008-ci illəri əhatə edir. Borcun yaranmasında əsas günah sahiblər isə o illərdə bələdiyyələrə sədrlik etmiş bələdiyyə üzvləridir. Bir tərəfdən məsuliyyətsizlik, digər tərəfdən ilkin dövrdə olan təcrübəsizlik nəticəsində bu qədər borc yaranıb.
Habelə 2009-cu ildə birləşdirmə zamanı fəaliyyətsiz bələdiyyələrin borcu fəaliyyəti olan bələdiyyəyə keçdi. Sözsüz ki, o dövrdə birləşdirmə zamanı konkret borcla bağlı mexanizm hazırlanmalıydı.
Qeyd edim ki, bu məsələdə əsas günah sahibləri tək bələdiyyə sədrləri deyildir. Belə ki, borcun bu qədər şişməsində DSMF-nin yerli strukturlarının, rayonların icra başçılarının, bələdiyyə üzvlərinin və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyə Assosiasiyalarının da öz “töhvələri” vardır.
DSMF-əməkdaşlarının ilk növbədə vəzifəsi banka sərəncam qoymaqla yanaşı, mütəmadi olaraq borclu bələdiyyə sədrlərinə məsələnin ciddiliyini bildirməliydilər. Görüşlərin keçirilməsi, seminarların, dəyirmi masaların təşkili və xüsusəndə media vasitəsiylə borcu olanlar barədə məlumatlar ictimailəşdirilməliydi.
Adi görünə biləcək bir məqamı qeyd edim. Ev telefonlarının abunə haqqının ödənilməsiylə bağlı məqama diqqət yetirək. Hər ayın beşinədək həm telefona, hətta mobil telefona borcun olması haqqında SMS-lər gəlir. O qədər mesaj gəlir ki, istənilən halda ödəmək məcburiyyətində qalırsan və ödəməsəndə istənilən halda hər ayın 7-də avtomatik olaraq telefon nömrəsi şəbəkədən ayrılır.
Fikrimcə, DSMF-də bu sistem 10 il əvvəl qurulsaydı borclar bu qədər şişməzdi.
Biz burada RİH başçılarının da müəyyən mənada günahı olduğunu qeyd etdik. Bu şübhəsizdir. Çünki rayon icra başçıları rayonun siyasi rəhbəridirlər. Onların strukturunda yerli və yerliözünüidarəetmə orqanlarıyla iş şöbəsi vardır. Bu şöbələrin bilavasitə vəzifələrindən biri rayon bələdiyyələrinin fəaliyyəti ilə maraqlanmaq və müəyyən tövsiyələr verməkdir. Bələdiyyələrin həyata keçirdiyi hər bir layihə barədə məlumatlar məhz bu şöbələrdə toplanılır.
Bütün bunlarla yanaşı bələdiyyə üzvləri və xüsusəndə yuxarıda qeyd etdiyim Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyə Assosiasiyalarının bu prosesdə öz “payları” vardır.
İlk növbədə assosiasiyalar tərəfindən DSMF ilə əlaqəli şəkildə işləməklə bu problemin həlliylə bağlı təkliflər hazırlanmalı idi.
Təəssüf ki, hələ ki, bu istiqamətdə yalnız cari ildə addımlar atılaraq bələdiyyələrdən borcun siyahısı alınıb. Yaxşı hal bir də ondadır ki, məsələ ilk olaraq cari ilin may ayında Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyə Assosiasiyalarının hesabat yığıncaqlarında səsləndirilib. Bu məqam ondan xəbər verir ki, aıdiyyatı dövlət qurumları bu məsələnin qanuni şəklidə həllinə çalışır.
Təkiflər
Bizim də bu istiqamətdə apardığımız təhlillər nəticəsində hazırladığımız təklifləri qeyd etmək istərdik. Hər halda burada söhbət borcun silinməsindən yox, onun hansı formada qaytarılmasından getməlidir:
1) Birincisi, təklif edərdik bələdiyyələrin bank hesabına qoyulan sərəncamlar müddətli şəkildə götürülsün və köhnə borca görə bundan sonra peniya hesablanmasın. Bu da müəyyən müddət üçün olsun. Bununlada borcun ödənilməsi müəyyən müddətə dondurulmuş vəziyyətdə qalır. Bu addımla bələdiyyəyə geniş fəaliyyəti üçün müddətli şəkildə vaxt verilir. Bələdiyyəyə isə bu güzəştin müqabilində büdcəsinə daxil olan vəsaitdən səmərəli şəkildə istifadə etməklə borcunu qaytarmaq şansı yaranır.
2) İkincisi, bələdiyyəyə qanunvericilik çərçivəsində əlavə büdcə vəsaitləri cəlb etmək üçün imkan yaradılsın. İlk növbədə əmlak vergisinin yığımındakı məqamı diqqətə çatdırmaq istərdim. “Əmlak vergisi hər bir fiziki şəxsin “mülkiyyətində” olan əmlakdan hesablanır” sözündən sonra “istifadəsində” sözünün əlavə edilməsi nəticəsində kifayət qədər maliyyə vəsaiti yerli büdcəyə daxil ola bilər.
Hüquqi statusu olmayan əmlak və torpaqların da vergiyə cəlb edilməsi həyata keçirilməlidir. Bununla yanaşı yerlərdə vergiləri verməyən kurort-sanatoriya və mehmanxana sahiblərinə qarşı bələdiyyələr tərəfindən ciddi sanksiya qoyulması məsələsinin, rayon mərkəzlərində avtodayanacaqla bağlı rüsumların yığılmasındakı maneələrin aradan qaldırılmasında, o cümlədən reklamla bağlı bələdiyyəyə ödənilməsi nəzərdə tutulan vəsaitin faiz dərəcəsinin 10 faizdən 30 faizədək artırılmasıyla bağlı normativ-hüquqi aktlara düzəlişlərin edilməsi təklif edilən məqamlardandır.
Təhlillər göstərir ki, bu təkliflərin reallaşdırılması istənilən halda bələdiyyələrin büdcə vəsaitlərinin artmasına və bununlada borcun hissə-hissə qaytarılmasına şərait yaratmış olacaqdır.
Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri