İpoteka və Kredit Zəmanət Fondunun (Fond) Baş direktoru Emil Məmmədov ilə müsahibə.
- Məlumdur ki, Fondun fəaliyyət istiqamətlərindən biri də sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsi ilə bağlıdır. Fond tərəfindən iş adamlarının layihələrinə zəmanət verməsi mexanizmi necə qurulub? Qərar qəbul edərkən hansı meyarlar əsas götürülür?
Eləcə də bax: «Universitetimizdə təhsil haqqı 2-3 min manat, müəllim maaşı 1000 manata qədərdir» - MÜSAHİBƏ
- Qeyd olunan mexanizm üzrə zəmanət qeyri-neft sektorunda fəaliyyət göstərən və ölkə ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarın öhdəlikləri üzrə verilir. Sahibkarların kredit sifarişləri üzrə zəmanət verilməsi mexanizmi bu qaydada həyata keçirilir: Sahibkar zəmanət tələb olunan kredit sifarişi ilə müvəkkil banka müraciət edir, müvəkkil bank borcalanın kredit sifarişinin Fondun qaydalarına uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə kredit təhlili aparır və bunların əsasında müvəkkil bankın səlahiyyətli orqanı müvafiq qərar qəbul edir, kreditin verilməsi ilə bağlı müvəkkil bankın səlahiyyətli orqanının qərarı müsbət olduğu təqdirdə zəmanətin alınması ilə bağlı bank tərəfindən Fonda müraciət edilir.
Fond zəmanətin verilməsi üzrə müvəkkil bankın müraciəti ilə bağlı 10 (on) iş günü müddətində qərar qəbul edir. Zəmanət və faiz subsidiyasının verilməsi prosesi bir neçə mərhələdən ibarətdir. Belə ki, müraciət Fonda daxil olarkən müvafiq sənədlər və məlumatlar üç mərhələdən keçır. Birinci mərhələdə daxil olan sənədlərin qanunvericiliyə və Fondun daxili qaydalarına uyğunluğu yoxlanılır. Növbəti mərhələdə layihənin maliyyə dayanıqlılığının qiymətləndirilməsi və iqtisadi əsaslandırılmasının təhlili aparılır və son mərhələ kimi məlumatların yerində dürüstləşdirilməsi üçün monitorinq (ilkin baxış) təşkil olunur. Yalnız bundan sonra müvafiq qərar qəbul edilir. Ümumi proses cəmi 10 iş günü təşkil edir.
Sahibkarlıq kreditləri üzrə zəmanət verilməsi üçün əsas meyarlar bunlardır: kreditin məbləği 30 000 (otuz min) manatdan az olmamalı, bir borcalana bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərin məbləği 5 milyon manat, bir-biri ilə əlaqədar borcalanlar qrupuna isə 10 milyon manatdan çox olmamalı, kreditin müddəti 7 ildən çox olmamalı, kredit xəttinin müddəti 12 aydan artıq olmamalıdır. Faiz subsidiyası illik faiz dərəcəsi 20%-dən çox olmayan kreditlər üçün, kreditin faiz dərəcəsinin azı 6 faiz bəndini borcalanın ödəməsi şərtilə verilir.
- Fondun müvəkkil kredit təşkilatlarının sayı nə qədərdir, tərkibi necədir? Onlar necə seçiliblər? Gələcəkdə əməkdaşlığa yeni maliyyə qurumları cəlb oluna bilərmi?
-Hazırda Fond kredit zəmanət sistemi üzrə 13 müvəkkil bankla əməkdaşlıq edir və gələcəkdə müvəkkil bankların sırasına yenilərinin də qoşulması gözlənilir. Banklar Fondla əməkdaşlıq etmək üçün qaydalarla müəyyən edilmiş bu meyarlara cavab verməlidirlər. Onlar Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi minimum məcmu kapital, kapital adekvatlığı və likvidlik əmsalları üzrə prudensial tələblərə cavab verməli, son 2 ildə sahibkarlıq məqsədilə verilmiş kredit portfelində (2016-cı il 1 yanvar tarixindən əvvəl verilib sonradan restrukturizasiya edilmiş kreditlər istisna olmaqla) qeyri-işlək kreditlərinin (balansdan silinmiş kreditlərin qalıqları nəzərə alınmaqla) payı 10%-dən yuxarı olmamalı, kredit reytinqi sistemi, sahibkarların kreditləşdirilməsi və vaxtı keçmiş kreditlərlə iş üzrə müvafiq daxili qayda və prosedurlar olmalı, üzvlük haqqı ödənilməlidir.
- Zəmanət verilmiş layihələrin sayı nə qədərdir və onlar iqtisadiyyatın hansı sektorlarını əhatə edir? Ayrı-ayrı regionların payı necədir? Ümumiyyətlə, indiyə qədər Fondun zəmanəti ilə sahibkarlara nə qədər kredit verilib və bu kreditlər üzrə nə qədər faiz subsidiyası hesablanıb?
-Sahibkarlıq kreditləri üzrə Fond tərəfindən zəmanətlərin və faiz subsidiyaların verilməsi prosesinə ötən ilin sonlarından başlanılıb. Qeyd etmək istərdik ki, hazırlıq mərhələsində beynəlxalq standartlara cavab verən kredit zəmanət mexanizminin qurulması məqsədilə Fond tərəfindən bir sıra addımlar atılıb. Bununla əlaqədar dünyanın əksər ölkələrində tətbiq olunan zəmanət və subsidiya mexanizmləri öyrənilib və bu mexanizmlərin uğurla istifadə olunduğu dövlətlər barədə beynəlxalq maliyyə institutlarının tövsiyələri nəzərə alınıb. Zəmanət və subsidiya mexanizmlərinin tətbiqi üzrə dünyada ən uğurlu təcrübələrdən birinə malik olan Koreya Kredit Zəmanət Fondu (KODİT) ilə əməkdaşlıq əlaqələri qurulub və Cənubi Koreyada mövcud kredit zəmanət sistemi yaxından öyrənilib.
Eyni zamanda, Fondun fəaliyyətinə dair normativ hüquqi aktlara beynəlxalq təcrübəyə uyğun bir sıra əlavə və dəyişikliklər edilib, tərəflər arasında (Fond, sahibkarlar və kreditorlar) münasibətləri tənzimləyəcək nümunəvi sənədlər hazırlanıb (çərçivə müqaviləsi, monitorinq qaydaları, restrukturizasiya qaydaları və s.). Mexanizmin mahiyyəti barədə məlumatın müvəkkil banklara və sahibkarlıq subyektlərinə çatdırılması üçün maarifləndirilmə işlərinə də başlanılıb. Belə ki, bank əməkdaşları, o cümlədən sahibkarlıq subyektləri ilə mütəmadi olaraq görüşlər təşkil olunub, mexanizmlə bağlı müzakirələr həyata keçirilib.
Qeyd etmək istərdik ki, görülən işlərin nəticəsi olaraq bu mexanizmə marağın sürətlə artması müşahidə olunur. Belə ki, cari tarixə artıq 30-dan çox biznes layihəsinə ayrılmış kreditlər üzrə Fond tərəfindən zəmanət verilib. Fondun zəmanəti ilə müvəkkil banklar tərəfindən sahibkarlara 30 milyon manat həcmində kredit verilib və həmin kredilər üzrə faiz subsidiyalarının hesablanmış məbləği 4,2 milyon manat nəzərdə tutulub. Zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə ayrılıb.
Regionlar üzrə pay bölgüsünə gəldikdə isə, kreditlərə verilən zəmanətlərin, demək olar ki, böyük hissəsi Bakının payına düşür. Bakı üzrə bu göstərici 53%-dir. Növbəti pillələrdə 18%-lə Abşeron, 14%-lə Aran, 7%-lə Lənkəran, 4%-lə Dağlıq Şirvan və Gəncə-Qazax regionu qərarlaşıb.
- Kredit zəmanət prosesində əsas çətinliklər, problemlər nədən ibarətdir? Sahibkarlarla hər hansı anlaşılmazlıq olurmu?
- Mövcud qaydalara əsasən, təqdim olunması zəruri olan bir sıra arayışların əldə edilməsi müəyyən hallarda əlavə vaxt tələb edir. Bununla bağlı, yaxın zamanda “Elektron ipoteka və kredit zəmanət” sistemi tam fəaliyyətə başladıqdan sonra bir çox sənədlər elektron hökumət portalı vasitəsi ilə əldə olunacaq. Bu isə qeyd olunan müddətin minimuma endirilərək prosesin operativliyinin tam təmin olunmasına imkan yaradacaq.
Eyni zamanda, mexanizm yeni olduğundan onun işləmə qaydası müəyyən hallarda həm bank əməkdaşlarında, həm də sahibkarlıq subyektlərində müəyyən suallar yaradır. Bununla əlaqədar, Fond tərəfindən davamlı olaraq mexanizmlə bağlı maarifləndirilmə işləri aparılır, təlim və seminarlar təşkil olunur və yaranmış sualların operativ olaraq cavablandırılması həyata keçirilir.
Hazırda Fondun www.mcgf.az rəsmi internet səhifəsində kredit zəmanət mexanizmi ilə bağlı ayrıca bölmə təşkil olunub. Həmin bölmədə zəmanətlərin verilmə şərtləri və prosedurları, o cümlədən zəmanət və faiz subsidiyası ilə bağlı mövcud statistika barədə məlumatlar yerləşdirilib. Hesab edirik ki, görülmüş bu tədbirlər də kredit zəmanət mexanizminin fəaliyyəti ilə bağlı yaranmış sualların cavablandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
- Mexanizmin tətbiqi ilə bağlı yeniliklər nəzərdə tutulurmu?
- Mütəmadi olaraq Fond banklar və sahibkarlarla görüş təşkil edərək təklifləri dəyərləndirir. Təkliflər əsasında sahibkarlıq kreditləri üzrə zəmanət və faiz subsidiyalarının verilməsinin prosedur qaydalarına dəyişiklik edilib. Əsas dəyişiklik təminatın kreditə nisbəti kateqoriyalarının borcalanın kredit reytinqi ilə əlaqələndirilməsidir. Bildiyiniz kimi, Fondda kredit reytinq modeli qurulub. Model vasitəsilə sahibkarlıq subyektlərinin ödəmə qabiliyyətinin qiymətləndirilməsi və risk kateqoriyalarının müəyyən edilməsi həyata keçirilir. Dəyişikliyə əsasən, aşağı risk kateqoriyasına malik sahibkalardan təminat tələb olunmur. Daha orta riskli sahibkarlıq subyektlərinin təminatına tələblər isə daha da yumşaldılıb, müraciət zamanı tələb olunan sənədlər də sadələşdirilib.
- Fondun sahibkarların idxal-ixrac əməliyyatları ilə bağlı gömrük rüsumlarının ödənilməsinə də maliyyə dəstəyi verəcəyi bildirilirdi. Bu istiqamətdə bir yenilik varmı?
- Bununla bağlı Fond Dövlət Gömrük Komitəsi ilə birgə bir neçə görüş keçirib və hazırda təhlil və araşdırma işləri aparır. Yaxın vaxtlarda işlərin tamamlanması gözlənilir və nəticə olaraq yeni yaradılacaq mexanizm idxal-ixrac əməliyyatları ilə bağlı sahibkarların üzərinə düşən maliyyə yükünü optimallaşdırmağa imkan verəcək.
- Sahibkarların alternativ maliyyə mənbələrinə çıxışına kredit zəmanət mexanizmi necə kömək edilə bilər?
- Fond korporativ istiqrazlarda və faktorinq əməliyyatlarında da zəmanət mexanizmini tətbiq etməyi planlaşdırır. Maliyyə bazarları təcrübəsində, həmçinin təminatlı istiqrazlara da rast gəlinir. Bu istiqrazlar emitent şirkətin istiqrazlar üzrə borclarını investorlara geri qaytara bilməsinə zəmanət verən hər hansı aktivini girov qoyması ilə müşayiət olunur. Fond isə həmin emitent şirkətlərin istiqraz defoltuna qarşı zəmanət verərək istiqrazların likvidliyini, istiqrazlara olan marağın artmasına və sahibkarlara əlavə və daha sərfəli maliyyələşmə mənbələrinə çıxış imkanının yaradılmasına nail ola bilər.
Faktorinq əməliyyatları maliyyə xidmətləri bazarında yeni bir xidmət növüdür. Bu xidmət əsasən sahibkarlararası münasibətlərdə dövriyyənin artmasına gətirib çıxarır. Zəmanət mexanizminin tətbiqi nəticəsində bu xidmətin sahibkarlar arasında daha geniş istifadəsinə və sahibkarların əməliyyat xərclərinin azalmasına nail olmaq istəyirik.